`Hücumları OMON-la Abbas Abbasov təşkil edir - İddia

`Hücumları OMON-la Abbas Abbasov təşkil edir - İddia
  26 Avqust 2015    Oxunub:2665
Rusiyanın Ulyanovsk şəhərində ofisinə "OMON" tərəfindən basqın edilən yerli Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisənin təfərrüatını açıqlayıb.
AzVision.az xəbər verir ki, Ulyanovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri İ. Hüseynov APA-ya açıqlamasında bildirib ki, hazırda xaricdədir və avqustun 25-də baş verən hadisə zamanı ofisində onun iki əməkdaşı olub.

Basqının bir müddət əvvəl ona qarşı törədilən sui-qəsd nəticəsində mühafizəçisi İqor Beznosyukun qətlə yetirilməsi işi ilə bağlı olduğunu söyləyən İ. Hüseynov deyib ki, olay zamanı onun hamilə olan katibəsinin sağlamlığına ciddi zərər dəyib: “Mənə - azərbaycanlı icmasının rəhbərinə və iş adamına qarşı demək olar ki, quldurluq edilib, ofisim dağıdılıb. Hadisədən az sonra mənə zəng gəldi ki, Azərbaycan diasporunun inzibati binasında axtarış gedir. İşin mahiyyətini açıqlayım ki, bunu edən Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsidir. Mənə olan sui-qəsd və mühafizəçimin öldürülməsi işini onlar bağlayıblar, ancaq mən bu işin bərpasını tələb edirəm. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik, istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənə qarşı uydurma cinayət işi qaldırmaq istəyir, hansı ki mahiyyətindən özümün də xəbərim yoxdur. Bir sözlə, sui-qəsdin açılmasında prinsipiallıq göstərdiyim üçün mənə qarşı ciddi təzyiqlər başlayıb".

İslam Hüseynov məsələ ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbuluna yazıldığını açıqlayıb: “Ona Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsində baş verən özbaşınalıqlar barədə danışacağam. Hesab edirəm ki, bu axtarış da məhz mənim Bastrıkinə şikayət etməyə hazırlaşdığıma görədir”.

Ulyanovskda hadisənin şahidi olan Azəbaycan Konqresinin üzvləri bu məsələdə son vaxtlar İ. Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqresin üzvü, İ. Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə A. Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İ. Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib: “Abbas Abbasov bura gəlib, məlum fəaliyyətə başlayandan sonra kim ona etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim uzun zamandır burada yaşayır və federasiya üzrə böyük hörməti var. Onun burada düşməni yox, yalnız dostları var. Amma Abbas Abbasovu sərt tənqid etdikdən bəri ona qarşı təzyiqlər başlayıb. Xüsusilə ona qarşı sui-qəsdin araşdırılmasında Abbas Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edir. Burada prokurorluqdan bir icazə kağızı alıb, "OMON"u hansısa ünvana basqınına şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, bizləri qorxutsnlar".

Qeyd edək ki, İ. Hüseynova qarşı 2012-ci ildə sui-qəsd cəhdi olub. Hadisə zamanı o, yaralanıb, mühafizəçisi isə öldürülüb. Ulyanovskdakı diaspor sui-qəsdin Abbas Ababsov tərəfindən təşkil olunduğunu iddia edib.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi isə saytında İ. Hüseynovun dələduzluqda ittiham olunması barədə məlumat yerləşdirib.

Məlumatda qeyd olunub ki, onun barəsində Ulyanovsk prokurorluğu tərəfindən 2014-cü ilin oktyabrında dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq İ. Hüseynovu sənəd saxtalaşdırmaqla 6.5 milyon rubl olan torpaq sahəsini 776 min rubla almaqda ittiham olunur.


Teqlər:





Xəbər lenti