Fuad Ələsgərov: “Korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyişlər var”

Fuad Ələsgərov: “Korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyişlər var”
  11 İyul 2013    Oxunub:1287
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun müsahibəsi:

- “Transparency İnternational” təşkilatı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatını açıqlayıb. Azərbaycanla bağlı nəticəyə münasibətiniz necədir?


- Hesabat Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını bir daha təsdiqlədi. Bununla bağlı hesabatdan iki statistik rəqəmi diqqətinizə çatdırmaq istərdim. Azərbaycanda respondentlərin 68%-i hesab edir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu dünya ölkələri üzrə müəyyən edilmiş 22% göstəricisindən 3 dəfə artıqdır.

İkinci nümunə isə dünyada korrupsiyanın səviyyəsi ilə bağlı olan göstəricidir. Belə ki, dünya üzrə respondentlərin 50%-dən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artıb. Azərbaycanda isə respondentlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. Əlbəttə ki, belə müsbət nəticələr və rəylər bizim üçün gözlənilən idi. Çünki bu, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının iradəsi və tapşırıqları ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. Hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb.

Qlobal Korrupsiya Barometri dünyanın 107 ölkəsindən olan respondentlər arasında keçirilmiş ictimai rəy sorğusunun nəticəsidir. Hesabatın hansısa subyektiv mövqeyə əsaslanmaması, korrupsiya ilə bağlı qlobal mənzərəni təsvir etməsi nəticələrin qərəzsizliyini və obyektivliyi təmin edir. Ona görə də, hesabat bəzi beynəlxalq təşkilatlar tərəfindən siyası mülahizələrə, subyektiv rəylərə əsaslanaraq, hazırlanmış digər rəylərdən fərqli olaraq daha real vəziyyəti göstərir. Təbii ki, ölkəmizdə mütəmadi həyata keçirilən, biri-birini tamamlayan anti-korrupsiya tədbirləri öz nəticəsini göstərməli idi. Həmin tədbirlər ictimai rəydə dərhal əks-səda doğurmasa da, beynəlxalq təşkilatlar bunu gec qeyd edə etsə də, hər bir halda həqiqət özünü göstərir və müsbət nəticələri qaçılmaz edir. Ən əsası isə insanlar müsbət dəyişiklikləri öz gündəlik həyatlarında hiss edirlər.

- Hesabatda qeyd edilən irəliləyişlər sizcə nə ilə bağlıdır?
- Korrupsiyaya qarşı mübarizədə əldə edilən nailiyyətlər artıq qeyd etdiyim kimi ilk növbədə Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsi və dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələrlə bağlıdır. Hesabat 2012-ci və qismən 2013-cü ili əhatə edir. Düşünürəm ki, rəy sorğusu bu gün aparılsa idi, biz daha yüksək nəticələrin şahidi olardıq. Çünki cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə daim dinamikliyi təmin etməsi və müxtəlif sahələrdə sistemli, institusional islahatlar həyata keçirməsi vəziyyətin davamlı olaraq yaxşılaşmasını təmin edir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planlarının icrası ölkəmizdə dövlət orqanlarının şəffaflıq, açıq hökumət prinsipləri əsasında idarə edilməsini və korrupsiyanı istisna edən idarəçilik mühitinin yaradılmasını təmin edir. Bu tədbirlərə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və elektron hökumətin inkişaf etdirilməsi tədbirləri də aiddir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan “ASAN Xidmət mərkəzləri vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərir. ASAN Xidmət mərkəzləri fəaliyyətə başladığı gündən 230 minə yaxın vətəndaş müraciət edib. Müraciətlərdən 98 %-i təmin edilmişdir.

Təbii ki, vətəndaş əgər dövlət xidmətlərinin əldə edilməsində heç bir neqativ halla rastlaşmırsa, eyni vaxtda heç bir məsafə qət etmədən bir neçə dövlət qurumuna çıxış imkanı əldə edirsə, o, bunu müsbət qiymətləndirəcək və dövlət tərəfindən yaradılan belə imkanı öz rəyində bildirəcək. Qeyd etməliyəm ki, ASAN Xidmət özünü müsbət təcrübə kimi doğrultmuş və cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın brendinə çevrilib.

Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibini gücləndirmək məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər də həyata keçirilib. İdarənin “161” qaynar xəttinin fəaliyyəti tam təşkil edilib və vətəndaşların müraciətlərinə baxılması, cavablandırılması işi təkmilləşdirilib. Daxili işlər orqanlarında həyata keçirilmiş islahatlar, xüsusilə yol patrul xidmətinin fəaliyyətində şəffaflığın artırılması, “təhlükəsiz şəhər” sisteminin qurulması bu sahəyə öz müsbət təsirini göstərib. Ümumilikdə, qeyd olunanlar dövlət idarəçiliyinin müxtəlif sahələrinə aiddir, çünki şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirləri ölkəmizdə sahəvi xarakter daşımır və biz müvafiq irəliləyişləri daim müşahidə edirik.
Hesab edirəm ki, həyata keçirilən maarifləndirmə tədbirləri və vətəndaş cəmiyyəti üzvləri ilə olan əməkdaşlıqda nəticələrə öz müsbət təsirini göstərib.

- Hesabatda həmçinin vətəndaşların əksər hissəsinin korrupsiyaya qarşı mübarizə prosesində aktiv iştirak etmək niyyəti göstərilir. Sizin bu fikrə münasibətiniz necədir?
- Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün cəmiyyətin bütün üzvlərinin, özəl sektorun, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının o cümlədən vətəndaşların fəal iştirakı çox mühümdür. Bu baxımdan müsbət haldır ki, sorğuda iştirak edən şəxslərin 81 %-i həmin prosesin aktiv iştirakçısı olmaq niyyətini bildirmişdir. Hesab edirəm ki, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və ümumən vətəndaş cəmiyyəti üzvləri ilə səmərəli əməkdaşlıq davam etdirilməlidir.


Teqlər:  





Xəbər lenti