`Diş çəkən` dünya çempionu: `Brüs Li mənə stimul verdi` (MÜSAHİBƏ)

`Diş çəkən` dünya çempionu: `Brüs Li mənə stimul verdi` (MÜSAHİBƏ)
  10 May 2016    Oxunub:32195
`Yumruğun bərk olması üçün ruhun verdiyi siqnal sərt olmalıdır`.

AzVision.az-ın budəfəki müsahibi bir ay öncə Budapeştdə qaydasız döyüş idman növü üzrə Dünya Çempionu olan azərbaycanlı Əli Nəcəfidir. Müsahibimiz professional idmançı olsa da, ixtisasca diş həkimidir. Bəzən dostları onu “diş çəkən” çempion kimi təqdim edirlər.

- Əvvəla özünüzü oxuyucularımıza təqdim edin. Əli Nəcəfi kimdir, necə oldu ki, idman sahəsində böyük uğurlar qazandınız?

-Bütün uşaqlar kimi 90-cı illərdə Jan Klod Vandam və “Rembo”nun filmlərinə baxdıqdan sonra məndə də idmana maraq oyandı, məşq etməyə başladım. Əvvələr karate ilə məşğul olurdum. Sonradan boksa başladım. İlk vaxtlar ölkə və Bakı şəhəri üzrə çempion olmuşdum.

İdmanla yanaşı təhsil almaqda qərarlı idim. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin stomotologiya fakültəsinə qəbul olundum. İndi bəlkə də çoxları bilmir. Mən təkcə idmançı deyiləm, həm də ali təhsilli diş həkimiyəm. Soruşurlar ki, diş həkimi hara, qaydasız döyüş hara?

Azərbaycan Tibb Universitetini bitirdikdən sonra internatura proqramı üzrə təhsilimi davam etdirmək üçük Moskva şəhərinə getdim. İki il Moskva Dövlət Tibb Universitetində təhsil almışam. Bununla yanaşı idmanla da məşğul olurdum. Dərslərimə görə döyüşlərə gec-gec çıxırdım.

İnanın ki, öz savadım, biliyim hesabına təhsil almışam.



-Siz həm qaydasız döyüş idman növü üzrə peşəkar idmançısı, həm də stomotoloqsunuz. Sizcə diş sındırmaq asandır, yoxsa diş düzəltmək?

-Pis iş görmək daha asandır. Diş sındırmağa nə var ki? Bir yumuruq vurursan, diş sınır. Amma diş müalicə etmək, onu qoruyub saxlamaq daha çətindir.

Mən idmançı kimi gücümü yalnız rinqdə göstərirəm. Rinqdən kənarda kiminsə dişini sındırmaq bizə yaraşmaz.

- Niyə məhz diş həkimliyi?

- Qeyd edim ki, tibb sahəsi üzrə alim olmaq fikrim yoxdur. Hazırda fiziologiya və tibbin idmanla vəhdəti haqqında kitab yazıram. Bir müddətdən sonra kitabım işıq üzü görəcək. Diş həkimliyi ilə çox az hallarda məşğul oluram. Sənətimlə bağlı çoxlu kitablar oxuyuram. Hərdən yaxınlarıma, dostlarıma stomotoloq kimi məsləhətlər verirəm, bəzən dişlərini də müalicə edirəm. İki il stomotoloq kimi işləmişəm, təcrübəm var. HəttaMoskvanın Mərkəzi Xəstəxanasında da bir müddət çalışmışam.

-Qaydasız döyüş idman növünü seçməyinizə səbəb nə oldu?

- O vaxtlar qaydasız döyüş idman növü daha məşhur idi. Hamı bu idman növü ilə məşğul olmağa can atırdı. Nədənsə, məndə də bu idmana maraq yarandı. Bir dəfə boks yarışı ilə bağlı Çinə səfər etmişdim. Oradakı dostlarımın dəstəyi ilə Jui-jitsu (cui-citsu) idman növü ilə məşğul olmağa başladım. Bu idman növü boğucu və qırıcı fəndlərdən ibarətdir. Həmçinin burada əxlaqi elementlər də üstünlük təşkil edir. Müəllim-tələbə münasibətləri əxlaqi dəyərlər üzərində qurulur. Bu idman növündə nizam-intizam yüksək səviyyədədir. Bütövlükdə şərq döyüş növlərində mənəvi dəyərlərə çox üstünlük verilir.

Qeyd edim ki, Çində olarkən Brüs Linin abidəsini də ziyarət etdim. Uşaq vaxtı hamımız onun nəhəng insan olduğunu düşünürdük. Amma Çində olduğum zaman bildim ki, Brüs Linin cəmi 1.58 metr boyu, 60 kiloqram çəksi olub. O, mənim qaydasız döyüşlə məşğul olmağım üçün stimula çevrildi.



Bəzi insanlar yalnız miflərlə yaşayır və ölürlər. Bir çox idmançılar da fikirləşirlər ki, əsas bədənimiz böyük olsun, bədən ruhu idarə edir. Əslində bədən ruhu deyil, ruh bədəni idarə edir. Yumruğun bərk olması üçün gücdən daha çox ruhun verdiyi siqnal sərt olmalıdır. Ruh ağıl deməkdir.

Əgər idmançının ağılı olsa, tək başına 200 nəfərlə də döyüşə bilər. Brüs Li də fəlsəfəni yaxşı bilirdi. Belə demək mümükdürsə o, filosoflar məktəbindən qidalanıb. İdmançı gücü ilə yanaşı ağlından da istifadə etməlidir. Ağıl olmasa, güc heç nədir. Təhsil isə ağıla yön, səmit verir.

İnsan döyüşə girməmişdən öncə beynini proqramlaşdırmalıdır. Əgər uduzacağını fikirləşmisənsə, demək uduzacaqsan. İnsanın özünə inamı güclü olmalıdır. Zədə, əzilmə, çempion olmaq, sevinc həyacanları, pul qazanmaq və s.bunların hamısı idman deməkdir.

-Neçə yaşınızda dünya çempioni olmusunuz?

-32 yaşımda dünya çempionu olmuşam. Amma bunu elə də böyük nəticə saymıram. Çünki məndən də güclü idmançılar, iki-üç qat dünya və olimpiya çempionları var. Əsas odur ki yıxıldıqdan sonra durmağı bacarasan.

Macarıstanın paytaxtı Budapeşt şəhərinə başqa bir idman növü üzrə vuruşmağa getmişdim. Orada fərqli idman növləri üzrə dünya kuboku yarışları keçirilirdi. Birdən MMA üzrə vuruşmaq istədim. Bu idman növü üzrə vuruşmaq mənim üçün şansı idi. Bu şans isə nadir hallarda insanın əlinə düşür. Ona görə də şansımı sınamaq istədim. Təşkilatçılara müraciət etdim. Dedilər ki, 85 kiloqram ağırlığında bir rəqib var, onunla vuruşmalı olacağam. Rəqibin çəkisi məndən çox idi. Amma razılaşdım. Ona görə də bizim döyüşümüzü turnirin əsas qarşılaşması elan etdilər və döyüşün vaxtını bir gün sonraya təyin etdilər.

Rəqibim Macarıstanın tanınmış idmançısı idi. Bütün macarlar onu dəstəkləyirdilər. Döyüşdən öncə dincəlmək şansım çox oldu. Beynimi döyüş üçün proqramlaşdırdım. Rəqim həm fiziki, həm də texniki cəhətdən məndən güclü idi.



Döyüşün birinci raundu mənə çox ağır gəldi. Rəqib məni ağır vəziyyətlərə salırdı, mən də bu vəziyyətdən çıxmağa çalışırdım. Raundun axırında rəqibin ayağına qırıncı fənd tətbiq edə bildim. Bu, mənim sonuncu şansım idi. Rəqib güclə bu fənddən xilas olmağı bacardı. Yenidən həmin zədəli ayağa qırıcı fənd tətbiq etdim və raund bitdi. Nəhayət, ikinci raundun zəngi vuruldu. Mərkəzə yaxınlaşdım. Bir də gördüm ki, rəqibim yaxınlaşmır. O, yarışı davam etməkdən imtina etmişdi. Çünki ağrıları şiddətlənmişdi. Həmin görüşdə mən çempion oldum.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti