Bakıda yarım tona yaxın narkotik məhv edilib

Bakıda yarım tona yaxın narkotik məhv edilib
  05 İyul 2017    Oxunub:1566
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 452 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları iyulun 5-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunun ərazisində məhv edilib.
AzVision.az xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, 280 məhkəmə hökmü əsasında müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 452 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib. Müsadirə olunan narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.

Qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının işçi qrupu aidiyyəti qurumların əlaqələndirilməsini təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verir. Nəticədə birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib, narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə olunub.

AzVision.az


Teqlər: DİN   DTX   Narkotik  





Xəbər lenti