Ağacların kəsilməsinə görə cəzalar sərtləşdirilə bilər

Ağacların kəsilməsinə görə cəzalar sərtləşdirilə bilər
  12 Sentyabr 2018    Oxunub:1802
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzaların sərtləşdirilməsi təklif olunub.
AzVision.az-ın məlumatına görə, çıxış edən deputat Hüseynbala Mirələmov bildirib ki, yaşıllıqları qorumalıyıq, onları məhv edənlər isə sərt şəkildə cəzalandırılmalıdır:

“Ağacların kəsilməsi böyük bəladır. Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Deputat Cavanşir Paşazadə həmkarını dəstəkləyib. O, vurğulayıb ki, cəzaların sərtləşdirilməsi ilə ağacların kəsilməsinin qarşısını almaq olar, amma bununla bağlı maarifləndirmə işləri aparılamalıdır.

Komitə sədri Eldar İbrahimov isə qeyd edib ki, ağacların kəsilməsinə görə cəzalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. O, təklif edib ki, bununla bağlı Cinayət Məcəlləsinə maddə əlavə edilməlidir: “Ömründə bir ağac əkməyən 7 ağac kəsir. Bunun qarşısını almaq lazımdır. Yaşıllıq harada varsa, sağlamlıq da oradadır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti