Dövlət Məşğulluq Xidməti 14,7 min gənci işlə təmin edib
Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün keçən il əsasən orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 118 min 138 gəncə peşəyönümü məsləhətləri verilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində isə həmin kateqoriyadan olan 355 gənc peşə hazırlığı kursları keçib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib.
BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonunda yaradılmış SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Mərkəzlərində 800-ə qədər gənc müasir iş axtarışı bacarıqlarına yiyələnib və onlardan əksəriyyəti bu bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.
Azvision.az
Teqlər: ƏƏSMN