Azərbaycanlı jurnalistdən Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə şok sual

Azərbaycanlı jurnalistdən Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə şok sual
  25 Mart 2014    Oxunub:905
Martın 24-də Haaqada III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində “Haaqa – sülh və ədalət paytaxtı”mövzusunda mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri Son Sanxen, BMT-nin Beynəlxalq Məhkəməsinin (ICJ) sədri Piter Tomka, “Eurojust” qurumunun başçısı Mişel Konins və “Europol” qurumunun direktoru Rob Ueynrayt iştirak ediblər. Tədbirin moderatoru Haaqa şəhərinin meri Yozias van Artsen idi.

AzVision.az xəbər verir ki, mətbuat konfransında AzərTAc-ın müxbiri Beynəlxalq Cinayət Məhkəməsinin sədri Son Sanxenə belə bir sualla müraciət edib:

- Məlum olduğu kimi, ICC-nin Roma Nizamnaməsinə əsasən, sizin məhkəmə 2002-ci il yanvarın 1-dən sonra törədilən soyqırımı, insanlığa qarşı cinayət, hərbi cinayət və təcavüzün aktı kimi ağır cinayətləri araşdırır. Lakin təəssüf ki, dünyada Roma Nizamnaməsində göstərilən tarixə qədər belə cinayətlər törədən, hələ də azadlıqda olan şəxslər var. Bu qəbildən, ən ağır cinayətlərdən biri 1992-ci ildə Azərbaycanın Xocalı, Qaradağlı və başqa yaşayış məntəqələrində dinc Azərbaycan əhalisinin erməni silahlı qüvvələri tərəfindən məhv edilməsidir. Üstəlik, bu cinayətkarlardan bəziləri bu gün hətta hökumətlərdə yüksək vəzifələr tuturlar. Məsələn, bu dəqiqələrdə qonşu zalda əyləşən və həmin soyqırımı aktlarında şəxsən iştirakını Britaniya jurnalistinə müsahibəsində etiraf etmiş Ermənistan prezidenti Serj Sarkisyan. Mən sizə bu dəhşətli cinayət nəticəsində çoxsaylı qohumlarını itirmiş bir insan kimi müraciət edirəm: Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, bu ölkənin sabiq prezidenti Robert Koçaryan kimi cinayətkarların və onların cinayət ortaqlarının əməlləri 2002-ci ilə qədər törədilmişdirsə, onların Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin müqəssirlər skamyasına gətirilməsi mexanizmi nədən ibarətdir?

Son Sanxen bu suala cavab verərək, bildiribr ki, Ermənistan prezidentinin bu sammitin işində iştirak etməsi ona məlumdur. O, “Cinayətlər, ilk növbədə, onların törədildiyi ərazilər o vaxt hansı dövlətlərin yurisdiksiyasına daxil idisə, həmin dövlətlərin milli məhkəmələrində araşdırılmalıdır. Belə hallarda ICC istintaqa və milli məhkəməyə komplimentar, yəni tövsiyə və texniki xarakterli kömək edə bilər. Lakin bəzi hallarda bu və ya digər məqamlar, məsələn, dövlətin işğal edilməsi səbəbindən onun öz suveren ərazisinin bir hissəsi üzərində nəzarəti olmadıqda, bu araşdırmalar çox vaxt qeyri-mümkün olur. Dünyada belə hallar çox olub. Belə problemli vəziyyətlərdə bütün tərəflərin əməkdaşlığının defisiti müşahidə olunur. Sizin sualınızda xatırlatdığınız hadisə buna misal ola bilər. Bu halda dövlət həmin məsələni beynəlxalq təşkilatlarda, məsələn, BMT-də qaldıra bilər, o da öz növbəsində, araşdırmaya başlamaq təklifi ilə ICC-ə müraciət edə bilər. Sizin dövlətiniz məhz bu yolla getməlidir” deyə suala cavab verməyə çalışıb.

İnanırıq ki, həmin anda Nüvə Təhlükəsizliyi Sammitində dünya liderlərinin arasında əllamə görkəmlə oturan Serj Sarkisyanın qulağının dibində, divarın o tayında, onun törətdiyi cinayətlərə görə biabırçı şəkildə müqəssirlər skamyasına gətirilməsi yolları dünya xəbər agentliklərini təmsil edən yüzlərlə jurnalistin iştirak etdiyi mətbuat konfransında Beynəlxalq Cinayət Məhkəməsinin sədri ilə müzakirə olunduğundan xəbəri olacaq.


Teqlər:  





Xəbər lenti