TQDK: “Heç kim jurnalistikaya sənəd verməyib”
AzVision.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, “Jurnalistika” ixtisası üzrə müsabiqədə iştirak edə bilərlər:
“Bunun üçün onlar 2014-cü ilin aprel ayının 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər”.
Qurum rəsmisi bildirib ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər:
“Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər”.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


