XİN Nalbandyana cavab verdi

XİN Nalbandyana cavab verdi
  02 May 2014    Oxunub:975
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlama. “Görəsən Edvard Nalbandyan öz prezidentinin bəyanatını niyə belə tez unudur?”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın aprelin 30-da Ermənistan parlamentində verdiyi bəyanata dair açıqlama yayıb.
AzVision.az xəbər verir ki, açıqlamada deyilir: “Ermənistan xarici işlər naziri bu cür bəyanatla çıxış etməklə beynəlxalq münasibətlər haqqında öz dar təsəvvürünü ortaya qoyur. Öz köhnə ənənələrinə sadiq qalan Ermənistan xarici işlər naziri ölkəsinin yaşadığı problemləri başqasının üzərinə atmağa çalışır.

Bəşəriyyətə qarşı cinayətlər törətmiş və qonşu dövlətin ərazisini işğal etmiş Ermənistan nəinki Avropa Şurasının üzvlüyündən çıxarılmalı, hətta ona qarşı sanksiyalar tətbiq olunmalıdır.

Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı özünün çoxəsrlik tolerantlıq ənənələri ilə fəxr edir. Azərbaycan xalqının həyat tərzi olan bu ənənələr bu gün dünya miqyasında bir nümunə kimi qəbul edilir və qabaqcıl təcrübə kimi öyrənilir. Ermənistan da Azərbaycanın zəngin tolerantlıq ənənələrindən dərs götürməlidir.

Azərbaycanlıların milli mənsubiyyətinə görə öz tarixi torpaqlarından kütləvi şəkildə qovulmasını həyata keçirmiş və nəticə etibarilə XX əsrin ən dəhşətli və böyükmiqyaslı humanitar fəlakətlərindən birinin törədilməsinə görə məsuliyyət daşıyan Ermənistan bu gün dünyada “nümunəvi” mono-etnik dövlətə çevrilib.

Ermənistan rəhbərliyinin Azərbaycan və erməni xalqlarının etnik baxımdan uyğunsuzluğu barədə bəyanatları bu ölkənin rəhbərliyinin sahib çıxdığı irqçi düşüncənin təzahürüdür.

Görəsən Edvard Nalbandyan öz prezidentinin bəyanatını niyə belə tez unudur?

Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal və təcavüz siyasəti yürütmüş Ermənistanın etnik və dini dözümlülük və mənəvi dəyərlərdən danışmağa heç bir haqqı və əsası yoxdur.

Nəhayət, rəsmi İrəvan qonşu dövlətlərə və xalqlara qarşı nifrətdən, ərazi iddialarından əl çəkməli, regionda sülhün pozulmasına görə öz məsuliyyətini dərk etməli və öz xalqını sülhə hazırlamalıdır.

Ermənistan yenə də öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq müxtəlif bəhanələrlə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqa və ümumilikdə danışıqlar prosesinin irəliləməsinə və regionda sülhün və sabitliyin bərqərar olmasına maneələr yaradır”.


Teqlər:





Xəbər lenti