Şahin Sultanovun ailəsi Mehriban Əliyevaya müraciət etdi

Şahin Sultanovun ailəsi Mehriban Əliyevaya müraciət etdi
  02 May 2014    Oxunub:2086
Hazırda həbsdə olan hərbi dəniz qüvvələrinin sabiq komandanı vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilir.
AzVision.az-ın məlumatına görə, tədbirdə Ş.Sultanovun vəkili Adəm Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsin Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etdiyini vurğulayıb:

“Yəqin ki, ölkə ictimaiyyətinin Şahin Sultanovun könüllü şəkildə rəhbərlik etdiyi briqadanın şəxsi heyəti ilə Qarabağ uğrunda gedən döyüşlərdə iştirakından xəbəri yoxdur”.

Vəkil Ş.Sultanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunduğunu diqqətə çatdırıb.

“Bu maddədə “Külli miqdarda mənimsəmə” dedikdə 7 min manat və daha çox məbləğ nəzərdə tutulur. Şahin Sultanova da guya 7-8 min manat verildiyi iddia olunur. İndi isə ona qarşı ittihamın necə irəli sürüldüyün açıqlayıram. Təqsirləndirilən şəxs Elxan Hacıyev həbsindən 3 ay sonra vəkilindən imtina edib və öz əleyhinə sərbəst ifadə verib. Bu zaman o, ifadəsində Şahin Sultanova xidməti otağında 8 min manat pul verdiyini bildirib. Lakin üzləşmə istintaq hərəkətində həmin məbləğin 7 min manat olduğunu göstərib. Göründüyü kimi sərbəst ifadə ilə üzləşmə ifadəsi arasında ziddiyyətlər var. Sultanova qarşı verilən ziddiyyətli ifadə onun günahsız olduğunu bir daha sübut edir”.

A.Məmmədov Şahin Sultanovun ailəsi adından prezidentə müraciət edib:

“Şahin Sultanovun ailəsi adından prezidentə müraciət edərək ölkə başçısına daim sadiq qalmış Qarabağ müharibəsi veteranı haqqında açılmış cinayət işi ilə maraqlanmasını xahiş edirik”.

Şahin Sultanovun vəkili Adəm Məmmədov daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edəcəklərini bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya müraciət hazırlanır. Yaxın günlərdə onlara göndəriləcək.

A.Məmmədov təklif edib ki, Şahin Sultanovun tutduğu vəzifə nəzərə alınsın və onun barəsində ev dustaqlığı seçilsin.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti