Əli Əhmədov müxalifəti sərt tənqid etdi

Əli Əhmədov müxalifəti sərt tənqid etdi
  28 İyul 2016    Oxunub:1973
“Azərbaycan müxalifətinin bir çox təmsilçiləri müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov bildirib ki, iqtidarın dilindən çıxan ən adi həqiqətin onlar tərəfindən yalanlanması cəhdlərinə cəmiyyətimiz adət edib: “Ona görə də belə davranış norması seçmiş müxalifət təmsilçilərinin “tənqidləri” cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır. Konstitusiyaya dəyişikliklər təklif etmək, referendum təyin etmək Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə verilmiş səlahiyyətdir. Dünyanın hər bir yerində olduğu kimi, Prezident yetişmiş ehtiyaclara uyğun olaraq zəruri dəyişikliklər paketini cəmiyyətə təqdim edir. Təbii ki, bu zaman o, cəmiyyətin çoxluğunun və özünün düzgün saydığı dəyişikliklər konsepsiyasını hazırlayır. Hər kəs etiraf etmək zorundadır ki, bu onun müstəsna səlahiyyətidir. Hakim rolunda isə xalq çıxış edir. Prezidentin təklifləri xalq tərəfindən səs çoxluğu qazandıqdan sonra konstitusion normaya çevrilir. Bu mənada, ayrı-ayrı müxalifətçilərin təklif olunan dəyişikliklərə rəng verməyə çalışması ən azından, başa düşülən deyil”.

Baş nazirin müavini qeyd edib ki, bir sıra müxalifət nümayəndələrindən fərqli olaraq cəmiyyətin böyük kəsimi, müşahidələrimə əsasən deyə bilərəm, bu dəyişiklikləri anlaşma ilə qarşılayır: “ Prezident İlham Əliyevə cəmiyyətimizdə böyük inamın olduğu sirr deyil. Bu inam onun irəli sürdüyü konstitusiya dəyişiklikləri təklifinə insanlarımızın düzgün yanaşmasının əsasında dayanır. Əminəm ki, nəzərdə tutulan referendum növbəti dəfə İlham Əliyevə ümumxalq inamının nümayişinə çevriləcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti