Tanrı türkə nə dedi? – Öge Noordan Reportaj+Fotolar

Tanrı türkə nə dedi? – Öge Noordan Reportaj+Fotolar
  07 Oktyabr 2016    Oxunub:4095
(Əvvəlini BURADAN oxuyun)

Gultəkin və Bilgə xaqandan qalan daş məktubları oxumaq üçün yola çıxırıq. Gəldiyimiz yolları geri qayıtmırıq. İrəliyə gedirik. Yol insanı yolda qoymazmış. Təki amalın, məqsədin, arzun saf olsun. Bir xeyli gedəndən sonra böyük bir gölün yanında dayanırıq.

Deyirlər ki, bu gölün adı Öge Noourdur. Türkcəyə tərcümə ediləndə “Ana göl” kimi səslənir. Ana gölün ətrafında yenə də su içən atlar, çimən, dincələn insanlar var. Tək-tək yerlərdə kafe tipli köşklərin də olduğu gözə çarpır.

Dövrümüzün Kultəkini adlandırdığımız Darhan Kıdıralı bizə yaxınlaşır. Üzündə elə bil ki, günəş yanır. Qəlbinin işığı bizi də işıqlandırır. Gözlərri gülə-gülə deyir: “Bu göldə Kulteginin 10 min atı suvarılırdı. Bu yerlərin hakimi o xaqan idi”.

Zaman–zaman etdiyimiz söhbətlərimizdən də bilirəm ki, Darhan bəy böyük türk birliyinin yaranması, qədim türk tarixini dünyaya tanınması üçün oxumadığı əsər, baş vurmadığı dərinlik qalmayıb. O, bu abidələr, bu qazıntılar barədə danışanda hiss edirsən ki, danışan cismi deyil, ruhudur. Mən dəfələrlə hiss etmişəm ki, Darhan Kıdıralı Göy Tanrıya ən yaxın bəndədir. Kulteginin Ana nohuruna salam verib, yenə yolumuza düzəlirik.



Kultegin nə yazdı? Tanrı nə yazdı?

Kultegin kompleksində bizi yenə monqol nümayəndələri böyük səxavət və qonaqpərvərliklə qarşılayırlar. Hətta açdıqları monqol süfrəsinə böyük tabaqlarda gətirdikləri qoyun ətindən hazırlanan yemək haqqında da məlumat verirlər. Məlum olur ki, bu qoyunu da qazax kəsib, daha sonra böyük qazanın içərisinə çay daşlarını düzərək, doğranmış ətləri onun üzərinə yığılb, söğan, ədviyyat vurandan sonra, 4-5 saat ərzində ocaqda bişirib. Tərifini eşitdiyimiz yeməyi yedik, elə deyilincə var imiş. Dadlı yeməkdən sonra dəvə südündən hazırlanmış kumısa qonaq etdilər.

...Muzeyi seyr edirik. Muzeydə iki böyük daş kitabədən əlavə, həm də eyni dövrün yəni 624-735-ci illəri əks edən zamanlardan, və sonrakı əsrlərdə tapılan muzey eksponatları, başsız bədənlər, bədənsiz başlar, heyvan heykəlləri, daş ovdanlar, ziynət və bəzək əşyaları, və bir də ki, Bilgə xaqanın qızıldan baş tacı var. Bu baş tacı 2001-ci ildə aparılan arxeoloji qazıntılar zamanı tapılıb.



Muzeyin bələdçisi xanım əfəndi, bizə məlumat verərək deyir ki, Kultegin və Bilgə xaqan və Kapağan Kutluq xaqanın oğulları olublar. Bu daş kitabələr isə Tonyukuk kitabəsindən 360 mm uzaq məsafədə tapılsa da eynı əsrə təsadüf edir. Fərq ondadır ki, Bilgə xaqan və Kulteginin yazıları Orhon çayı sahillərində tapılıb. Yazılarda türk dili, tarixi, ədəbiyyatı, sənəti, nəsli, şəcərəsi haqqında mühüm bilgilər var.

Tonyukuk yazıları 716-cı ildə, Kultegin yazıları 732-ci, Bilgə xaqanın yazıları isə 735-ci ildə bu daşlara həkk olunub. Kulteginin daş kitabəsi tapılan yerdən düzülən 272 ədəd bal-bal daşlarının ərazisi 3 kilometr uzanır. Yazılardan da məlumdur ki, xaqan Kultegin 47 yaşında ölüb. Onun dünyadan köçməsini daşa belə yazıblar: “Tanrıya uçdu”. Bu da onu deməyə əsas verir ki, o, gözəl əməllər sahibi olduğundan, ruhu indi də Tanrı dərgahındadır.

Muzey kompleksində onu da öyrənirik ki, ilk dəfə bu abidələri 1889-cu ildə rus tarixçisi Nikolay Mixayloviç Yadrintsev Monqolustanın Şimalında Orhon çayı sahillərində aşkar edib. Runi yazıların oxunmasında isə fin və rus alimləri böyük səy göstəriblər. Aksel Olay Geykel və Vasili Vasileviç Radlov bu yazıları ilk dəfə oxumağa başlayan alimlərdir. Danimarkalı alim Vilhelm Tomsen isə bu yazıların içərisində ilk dəfə 1893-cü ilin dekabr ayının əvəllərində “türk” sözünü oxuyandan sonra, kitab öz sirrlərini açıb. Və bu haqda Kral akademiyasına xəbər göndərib.



Sonradan tədqiqatçılar bu daşlar üzərində olan hər bir nöqtənin mənasını da öyrənməyə başladılar. Kultegin yazısı yazılan daş lövhənin hündürlüyü 3,35 metrdir. Daşın arxa tərəfində yazılar çin əlifbası ilə həkk olunub. Daşın aşağı hissəsinin eni 132, yuxarıya doğru isə daralaraq 122 satimetrə bərabər olur. Yan tərəflərindəki bu ölçü 44-46 sm arasındadır. O da məlumdur ki, Kultegin 732-ci ildə vəfat edəndən sonra, qardaşı Bilgə xaqan onun haqqında yazıları daşa həkk etdirib:

“Öyle kazanılmış, düzene sokulmuş ilimiz, töremiz vardı. Türk, Oğuz beyleri, milleti, işitin: Üstte gök basmasa, altta yer delinmese, Türk milleti, ilini töreni kim boza bilecekti? Türk milleti, vazgeç, pişman ol!... Babamızın, amcamızın kazanmış olduğu milletin adı sanı yok olmasın diye, Türk milleti için gece uyumadım, gündüz oturmadım. Küçük kardeşim Kül Tigin ile, iki şad ile öle yite kazandım. Öyle kazanıp bütün milleti ateş, su kılmadım. Ben kendim kağan oturduğumda, her yere gitmiş olan millet öle yite, yaya olarak çıplak olarak dönüp geldi. Milleti besleyeyim diye, kuzeyde Oğuz kavmine doğru, doğuda Kıtay, Tatabı kavmine doğru, güneyde Çine doğru on iki defa büyük ordu sevk ettim, … savaştım. Ondan sonra, Tanrı bağışlasın, devletim var olduğu için, kısmetim var olduğu için, ölecek milleti diriltip besledim…”.

Bu məktubların hər biri türk xalqının konstitusiyasıdır, desək yanılmarıq. Bilgə xaqanın məktubu isə 735-ci ildə oğlu Tenri xaqan tərəfindən yazılıb. Yazılarda dövlətin necə qurulub başa gəlməsi haqqında bilgilər yer alıb. Bu daş məktub 375 sm-lik lövhədə həkk olunub. Burada türk oğluna ibrətamiz məsləhətlər də yer alıb: “… Dokuz Oğuz beyleri, milleti! Bu sözümü iyice işit, adamakıllı dinle: Doğuda gün doğusuna, güneyde gün ortasına, batıda gün batısına, kuzeyde gece ortasına kadar, onun içindeki millet hep bana tâbidir. Bunca milleti hep düzene soktum. O şimdi kötü değildir. Türk kağanı Ötüken ormanında otursa ilde sıkıntı yoktur...”.



6-cı əsrdə yazılan, və o böyük xaqanların Tanrıdan istəkləri nəticəsində gəlib bu günümüzə qədər çatan məktubların qorunmasında da bir sirr var. Tanrıya qovuşan həmin böyük ruhlar, bilirdilər gələcəkdə türk dünyası viran olub, talan olub, dağıla bilər. Və bir gün kimsə bu məktubları oxuyub, bu yazılara əməl edib, eli yenə də bir yerə yığa, toplaya bilər. Gün o gün olsun ki, Göy Tanrını da, o uca ruhları da sevindirək!

Aida Eyvazlı


Teqlər:





Xəbər lenti