`Pullarımızı heç kim əlimizdən almayıb` - Müğənnilər danışdı (Yenilənib)

`Pullarımızı heç kim əlimizdən almayıb` - Müğənnilər danışdı (Yenilənib)
  13 Yanvar 2017    Oxunub:7776
“Heç kim mənim pullarımı əlimdən almayıb. Mətbuatda yazıldığı kimi belə hadisə olmayıb. Bizim nə dünən, nə də srağagün toyumuz olub. Məlumat tamamilə yalnışdır”.

Bunu AzVision.az -a keçmiş "Şeron" qrupunun üzvü, hazırda "Şadan" qrupunun rəhbəri və solisti olan İntizar Məmmədov toydan çıxandan sonra pullarının əlindən alınması haqda məlumata münasibət bildirərkən deyib.

“Kimsə bunu özündən yazıb. Həmin saytla əlaqə saxlayıb, etirazımı bildirəcəyəm. Ümumiyyətlə belə hadisə baş verməyib. Bu məlumatları haradan və necə tapıb yazırlar başım çıxmır”.

Soyğunçuluğa məruz qaldığı deyilən digər müğənni Ramal İsrafilovla əlaqə saxlamağa cəhd etsək də o telefon zənglərinə cavab verməyib. Müğənnin bibisi, xalq artisti Mələkxanım Əyyubova əməkdaşımıza belə bir hadisənin baş vermədiyini deyib.

“Ramalın başına belə hadisə gəlsəydi, mütləq xəbər tutardım. Dünən onun valideyinləri, qardaşı ilə bir yerdə idik. Mümkün olan bir şey deyil. Belə hadisə olmayıb.” .

***
(10: 28)

Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.

AzVision.az -ın Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.

Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti