Fransızdilli “Le Carrefour” qəzetinin növbəti uğuru

Fransızdilli “Le Carrefour” qəzetinin növbəti uğuru
  03 May 2017    Oxunub:1414
Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (BFMB, fransızca - UPF) rəsmi saytında Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı ) qəzeti və www.lecarrefour.az saytı, o cümlədən birliyin Azərbaycan bölməsi haqqında məlumat yerləşdirilib.
Bu barədə “Le Carrefour” (Yol qovşağı ) qəzetinin təsisçisi və baş redaktoru, birliyin Azərbaycan bölməsinin rəhbəri Zeynab Kazımova məlumat verib.

Zeynab Kazımova bildirib ki, Azərbaycan mediasının, o cümlədən fransızdilli mətbu orqanının beynəlxalq səviyyədə təmsil olunması təqdirəlayiqdir, bu, həm də rəhbərlik etdiyi qəzet üçün mühüm hadisədir. “Bu yaxınlarda 10 yaşını qeyd edəcək “Le Carrefour” qəzeti üçün bu çox əhəmiyyətlidir. Azərbaycanın adının BFMB-nin üzv ölkələri siyahısında yer tutması jurnalistikamızın adına sevindiricidir. “ – deyə o, vurğulayıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkə mediasının beynəlxalq səviyyədə təmsil olunmasının, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəaliyyətinin, xarici media resursları ilə əlaqələrinin yaradılmasının vacib olduğunu bildirir. Bu istiqamətdə fransızdilli qəzetin və saytın ölkəmizi 110 ölkənin 3 000 - dən çox media təmsilçisini birləşdirən bir qurumda təmsil olunması cənab Prezidentin bu sahədəki tövsiyəsinə və dövlətimiz tərəfindən bu sahədə aparılan siyasətə dəstəkdir” – deyə Zeynab Kazımova vurğulayıb.

Qeyd edək ki, BFMB (UPF) 1950-ci ildən fəaliyyət göstərən beynəlxalq jurnalstlər və mətbuat qurumudur. 110 ölkədən 3000-dən çox üzvü olan bu təşkilat bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (OİF), YUNESKO (UNESCO) və BMT (ONU) tərəfindən tanınır.

AzVision.az


Teqlər:





Xəbər lenti