Xaçmazda meşədən at əti tapılıb

Xaçmazda meşədən at əti tapılıb
  05 May 2017    Oxunub:1617
Xaçmaz rayonunun Padar kəndi yaxınlığındakı meşədə at əti aşkarlanıb.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.

DBNX Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisinə bu gün baxış keçirilib.

Bildirilir ki, baxış zamanı meşə ərazisində qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 100 kq çəkisində at əti və 1 ədəd kəsilmiş atın başı aşkar olunub. İlkin araşdırma nəticəsində həmin heyvanın kənd sakini Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsilməsi, ətin sümükdən ayrılması və həmin at ətinin Bakı şəhərində satılması məqsədi ilə hazırlandığı müəyyən edilib. Aşkar edilmiş sümükdən ayrılmış at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Xaçmaz rayonu İ.Məmmədova məxsus 100 kq çəkisində olan sümükdən ayrılmış at ətinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Bu, son zamanlar Xaçmaz rayonunda aşkarlanan 2-ci belə hadisədir. Birinci hadisə ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılması məqsədi ilə müraciət olunub. Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

AzVision.az


Teqlər: Xaçmaz   DBNX  





Xəbər lenti