Bakı sakinləri hansı avtomobilləri bəyənir ?
Paytaxt sakinləri daha çox alman maşınlarına üstünlük verir. Hər on respondentdən təqribən beşdə biri (18 %) “Mercedes-Benz” markasını bəyənir. Digər alman avtomobili BMW sevərlər nisbətən azlıq təşkil edirlər (10 %). Üçüncü pillədə Cənubi Koreya istehsalı “Hyundai” və Rusiya istehsalı “Lada” qərarlaşıb ( hər biri 4 %). “Porsche”, “Range Rover”, “Lexus” və “Kia” sevərlər nisbətən azdır (hər biri 3 %). Sovet nostalgiyası çəkənlərin sevimliləri isə Zaparoje və Volqadır (hər biri 1 %). Əksəriyyət ümumiyyətlə sevimli avtomobilini seçməkdə çətinlik çəkir (31 %).
Bakı əhlinin böyük əksəriyyəti avtomobilin qara rəngdə olmasını tərcih edir (31 %). Respondentlərin dörddə biri isə ağ rəngdə olan avtomobilləri daha çox bəyənir (26 %). Metal və göy rəngli avtomobilləri bəyənənlər nisbətən azdır (hər biri 5 %). Fərqlilik sevənlər də az deyil. Belə ki, 4 % respondent qırmızı rəngi avtomobilə çox yaraşdırır.
Qeyd edək ki, sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
AzVision.az