"Paris Azərbaycan Evin"dən Şuşa ilə bağlı bəyanat

"Paris Azərbaycan Evin"dən Şuşa ilə bağlı bəyanat
  08 May 2017    Oxunub:1751
Fransada fəaliyyət göstərən Paris Azərbaycan Evi Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan mədəniyyətinin tarixi beşiyi olan Şuşa şəhəri 25 il əvvəl Ermənistan ordusu tərəfindən işğal olunub. Tarixi abidələrlə zəngin olan Şuşa dünyaya bir çox görkəmli şəxsiyyətlər-yazıçılar, şairlər, Azərbaycan mədəni irsini dünyaya tanıdan musiqiçilər bəxş edib.

“Şuşanın müdafiəsi zamanı 195 nəfər azərbaycanlı öldürülüb, 165 nəfərdən çoxu yaralanıb, 68 nəfər isə əsir düşüb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn norma və və insan hüquqları prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Şuşanın 24 min 9 yüz nəfər sakini bu gün məcburi köçkün kimi yaşayır. Lakin bu təcavüzün faciəli nəticələri təkcə Azərbaycan torpaqlarının işğalı ilə məhdudlaşmır. 5000-ə yaxın eksponatı olan Şuşa tarixi muzeyi, Dövlət Xalçaçılıq və Tətbiqi incəsənət muzeyinin yerli filialı, Qarabağ etnoqrafik muzeyi, o cümlədən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın sarayı, Ağabəyim ağanın qəsri, İbrahim Xəlil xanın tikdirdiyi mədrəsə kompleksi, digər mədəniyyət mərkəzləri və təsviri qalereyalar dağıdılıb, viran edilib, kitabxanalar yandırılıb.”

Bəyanatda qeyd edilir ki, Ermənistan dövlətinin Azərbaycanın mədəni irsinə təcavüzü bu gün də davam edir. “Biz -Fransa azərbaycanlıları beynəlxalq təşkilatları Şuşa da daxil olmaqla Azərbaycan torpaqlarının geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, bir milyon məcburi köçkünün, əsir düşmüş və girov götürülmüş azərbaycanlıların hüquqlarının qorunması üçün Azərbaycana dəstək olmağa çağırırıq”- deyə bəyanatda vurğulanıb.

Bəyanatda beynəlxalq təşkilatların, sülhü dəstəkləyənlərin tolerantlıq məkanı olan Azərbaycanda sülhün və əmin-amanlığın bərpasına çalışacaqlarına, Azərbaycana qarşı mövcud davamlı işğalçılıq siyasətinin dayandırılması üçün öz səylərini əsirgəməyəcəklərinə ümid ifadə olunub.

AzVision.az


Teqlər: Şuşa  





Xəbər lenti