Mətbuat Şurası şikayətləri araşdırıb

Mətbuat Şurası şikayətləri araşdırıb
  08 May 2017    Oxunub:1573
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
MŞ-dan AzVision.az-a verilən məlumata görə, iclasda “Xalqxeber.az” saytı ilə əlaqədar məsələyə baxılaraq Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılması barədə rəyə gəlinib.

Milli Məclisin deputatı Nəriman Əliyevin “Nuh.az”, “Bizimxeber.az”, “Teref.info”, “Arqument.az” və digər 6 sayta qarşı müraciətinin müzakirəsi zamanı bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi haqqında bəhs etdiyi şəxsin mövqeyinin öyrənilməsinə maraq göstərməlidir. Materiallarda isə mövcud tələb gözlənilməyib.

“Xəzər Lənkəran” futbol klubunun “Futbol+” qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, qəzetlə klub rəhbərliyi arasındakı narazılıq müxtəlif illərdə mövcud olmuş qarşılıqlı münasibətlərdən qaynaqlanır. Mövcud xüsusda konkret olaraq kommersiya maraqları ön plana gəlir. Bu mübahisələrin aydınlaşdırılması üçün digər hüquqi prosedurlar var. Ancaq hətta haqlı olsa belə, heç bir KİV kommersiya marağının ödənilməməsini qarşı tərəf barədə tənqidi material dərc etmək üçün əsas kimi istifadə etməməlidir. “Futbol+” qəzeti rəhbərliyinə bu xüsusda tövsiyə verilib.

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycanın Ukraynadakı səfirliyinin “ölke.az”, “Bakıpost.az”, “Moderator.az” saytlarına qarşı müraciəti olub. Rəyə gəlinib ki, hər bir KİV hər hansı tənqidi material yayımlayarkən tənqid hədəfi kimi götürülən şəxsin mövqeyinin məhz həmin materialda öyrənilməsinə çalışmalıdır.

Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənovanın “Dəryaz” qəzetinə qarşı müraciətinin müzakirəsi zamanı vurğulanıb ki, materialda qeyd edilən məsələlər ciddi araşdırma tələb etdiyindən bununla əlaqədar Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirələr aparılmalıdır.

Eyni qərar Suraxanı rayon Hövsan qəsəbəsi 163 saylı uşaq bağçasının müdiri Pakizə Mahmudovanın “Ədalət tribunası” qəzetinə qarşı şikayəti ilə bağlı da verilib.

AzVision.az


Teqlər: Mətbuat-Şurası  





Xəbər lenti