Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verilib
  08 May 2017    Oxunub:1524
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə 8.31-ci bəndə “borclarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının” sözləri əlavə edilib

Aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilir:

“8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;”.

Həmin fərmanla təsdiq edilmiş Əlavə IV – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilir:

“8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti