Jurnalistlər Qax və Şəkidə baramaçılıqla tanış olublar - Fotolar

Jurnalistlər Qax və Şəkidə baramaçılıqla tanış olublar - Fotolar
  07 İyun 2017    Oxunub:5475
Kənd Təsərrüfatı Nazirliyi KİV nümayəndələrini baramaçılıq sahəsində görülən işlərlə yaxından tanış etmək məqsədi ilə respublikanın şimal-qərb bölgəsinə media-tur təşkil edib.
AzVision.az-ın əməkdaşı da mediaturda iştirak edib.

Səfər zamanı jurnalistlər ilk olaraq Qax Damazlıq İpəkçilik Stansiyasında olublar. Burada baramanın qəbul edilməsi prosesi ilə tanış olublar.

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev məlumat verib ki, kümdara (baramaçılıqla məşğul olan) baramanın hər kiloqramına görə 9 manat verilir.

Direktor bildirib ki, qiymət ötən ildən daha yüksəkdir və insanlar bu sahəyə maraq göstərir: “2016-ci ildə bizim rayondan 1 ton 800 kiloqram barama təhvil vermişdik. Bu il isə bu rəqəm 13 ton gözlənilir. Bu baramanın sortu Çindən gəlib. 1 kiloqramı 9 manata qəbul edilir. Baramanın növündən asılı olmayaraq pulun 4 manatını "Şəki İpək" ASC, 5 manatını isə dövlət subsidiya şəklində ödəyir. Yaxşı kümdar təxminən 1 ay ərzində hazırladığı məhsul üçün 3500-4000 manata qədər gəlir əldə edir”.



Qax rayonun Marsan kəndinin sakini Harunov Səbuhi bildirib ki, 54 qram ipəkqurdu götürüb və 160 kilo barama təhvil verilib. O, bundan 1400 manata yaxın gəlir əldə edəcəyini qeyd edib.

Səfərdə iştirak edən Kәnd Təsərrrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, ipəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib.

Nazirlik rəsmisi qeyd edib ki, tut tingləri əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılmış və bu rayonların ərazilərində nazirliyin və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib:

“Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış əldə edilib və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir. Ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilib və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib.



M.Hacıyev bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesinin davam etdiyini vurğulayıb: “Bir sıra rayonlarda (Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə və s.) yaş barama məhsulunun tədarükünə başlanılıb. “Şəki İpək” ASC-dən alınmış operativ məlumatlara əsasən 2017-ci il 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib və hazırda bu proses davam edir. Kənd Təsərrüfatı Nazirliyi və onun yerli təşkilatlarının mütəxəssislərinin rəyinə əsasən cari ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da ölkə Prezidenti tərəfindən Nazirlik qarşısında barama istehsalı ilə bağlı müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur”.

Media nümayəndələri Qax rayonunun Alatəmir kəndində kümçü ailəsində də olublar. Onlar burada ipəkqurdlarının yemlənməsini və son prosesləri izləyiblər.

Daha sonra jurnalistlər "Şəki-İpək” ASC-də olublar. Burada iş prosesi ilə bağlı KİV nümayəndələrinə məlumat verilib.



"Şəki-İpək” ASC İdarə Heyətinin sədri Nizami Qəribov bildirib ki, baramanın qəbulu və daşınması ilə 70 adam məşğul olur: “Daha sonra baramaaçana baramalar göndərilir. Baramanın 30-40 faizi əllə açılır. Proqnoza görə, 400-450 ton barama ilə ən azı 10 ay 450-480 adam işlə təmin ediləcək. Bu yaxınlarda İtaliyadan qonaqlar gələcək və onlarla danışıqlar aparılacaq. Ötən il 71 ton barama yığdıq və ondan 9 ton ipək aldıq. Ölkədaxili emal etdik. Artıq bu ildən xaricə çıxış etmək istəyirik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Nazirlik   Barama   İpəkqurdu  





Xəbər lenti