Polisə xəsarət yetirən şəxs tutulub

Polisə xəsarət yetirən şəxs tutulub
  03 İyul 2017    Oxunub:1480
Bakıda maşın qaçıran şəxs saxlanılan zaman polis əməkdaşına xəsarət yetirib.
DİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 30-dan iyulun 1-nə keçən gecə Nəsimi rayonunda yaşayan Əhməd Məmmədova məxsus “VAZ 2102” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Məlumat daxil olan kimi DİN Növbətçi Hissələrin İdaraetmə Xidməti (NHİX) Təhlükəsiz Şəhər Xidmətinin (TŞX) kameraları vasitəsilə avtomobilin paytaxt ərazisində axtarışına başlanılıb.

İyulun 1-i səhər saatlarında TŞX əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin Yasamal rayonu Nəriman Nərimanov prospekti ilə hərəkətdə olması aşkar edilib və həmin avtomobilin izlənilərək saxlanılması üçün aidiyyəti üzrə digər polis orqanlarına məlumat verilib. Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Nəsimi rayonu Rəşid Behbudov küçəsində saxlanılan zaman sürücü avtomobildən düşərək qaçıb.

Cinayət törədən şəxsin təqibini davam etdirən Nəsimi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi təqib edən zaman, o üzərində gəzdirdiyi kəsici alətlə polislərdən birinə xəsarət yetirib. Amma polis yaralı olmasına baxmayaraq çevikliyi sayəsində həmin şəxsin təqibini davam etdirərək onu zərərsizləşdirməyə nail olub və aidiyyəti üzrə Nəsimi RPİ-nə təhvil verib.

İdarədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Qabil Nağıyev olması müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Bakı   Həbs  





Xəbər lenti