Adam oğurluğunda təqsirlənən şəxs həbs edilib

Adam oğurluğunda təqsirlənən şəxs həbs edilib
  11 İyul 2017    Oxunub:1412
Azərbaycanda adam oğurluğunda təqsirli bilinən və üzərində qanunsuz silah gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.

Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti