300-dən çox dövlət əmlakı özəlləşdirilib

300-dən çox dövlət əmlakı özəlləşdirilib
  13 İyul 2017    Oxunub:1673
"Bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi torpaq idarəçiliyində problemlər yaradıb"
AzVision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqlardan səmərəli istifadə olunması, onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi sahəsində də mühüm irəliləyişlərə nail olunub: "Sizin verdiyiniz tapşırıqlara əsasən, bu sahələrdə mövcud dünya təcrübəsinə söykənən yeni texnologiya və idarəetmə üsulları tətbiq edilib və qanunvericilik bazası təkmilləşdirilib.

Möhtərəm cənab Prezident, ölkədə ilk dəfə olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb".

K.Həsənov bildirib ki, hesabat ilində torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetiriləcək: "Eyni zamanda, bu il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması təmin ediləcək. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.

Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üzrə artıq yekunlaşıb. Torpaq uçotu materiallarının təhlili göstərir ki, bir sıra təsərrüfatlarda pay bölgüsünün sona çatdırılmaması halları, pay torpaqlarına dair sənədlərdəki məkan göstəriciləri ilə vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur. Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bu işlər çərçivəsində Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonunda yaşayan 1000-dən çox ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemi öz müsbət həllini tapıb".

Dövlət Komitəsinin sədri əlavə edib ki, bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi də torpaq idarəçiliyində problemlər yaradıb. Hazırda aidiyyəti orqanlarla birlikdə bu problemlərin həlli ilə bağlı tədbirlər görülür:

"Eyni zamanda, işğal altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq – sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna olmaqla, respublikanın digər inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsinə dair yerquruluşu işləri yekunlaşıb. Ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi üçün relyef xəritələrinin hazırlanması işi də başa çatdırılıb".

O qeyd edib ki, respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq:

"Möhtərəm cənab Prezident, respublikada qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı Sizin verdiyiniz tapşırıqlara müvafiq olaraq aidiyyəti orqanlarla birlikdə görülmüş tədbirlər nəticəsində ölkə ərazisi üzrə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilərək aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.

Torpaqların hərrac və ya müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərə ayrılması məqsədilə bələdiyyələrdən daxil olmuş 3000-dən çox müraciət üzrə 7 min hektar torpaq sahəsinə dair sənədlər torpaqayırma qaydasında hazırlanıb və hərrac və ya müsabiqələr təşkil edilib".

K.Həsənov deyib ki, torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, iri torpaq istifadəçiləri, sahibkarlar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə maarifləndirici işgüzar forumlar keçirilir. Torpaqla bağlı inzibati xətalara görə 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilib və 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib:

"Aparılmış yerquruluşu işlərinin nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. Bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistemə respublikanın 57 şəhər və rayonu üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən çox giriş ünvan nömrələri daxil edilib. Həmin sistemin məlumatlarına istinad etməklə müasir Milli Naviqasiya Sistemi hazırlanıb və bu ilin əvvəlindən “AzNav” adı ilə istifadəyə verilib. Hazırda bu xidmətdən istifadə edənlərin sayı 100 mini ötüb".

Sədr vurğulayıb ki, bu günədək hazırlanmış coğrafi informasiya resursları olan ünvan və kadastr məlumatlarının bazasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması məqsədilə beynəlxalq təcrübə əsasında konsepsiya hazırlanaraq aidiyyəti üzrə təqdim edilib:

"Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən verilən göstəriş və tapşırıqlar əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflıq və səmərəliliyin artırılması, vətəndaş məmnunluğuna daha çox nail olunması üçün davamlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq bu sahədə göstərilən 35 elektron xidmətlərlə yanaşı, hazırda dövlət reyestrindən çıxarışların “Elektron hökumət” portalında yerləşdirilməsi və hüquq sahibi tərəfindən çıxarışın elektron üsulla əldə edilməsi prosesinə başlanılıb. Müvafiq ödənişlərin onlayn şəkildə avtomatik hesablanmasını mümkün edən “Əmlakın qeydiyyatı kalkulyatoru” xidməti, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Kütləvi çıxarış kampaniyası” həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində tətbiq olunan mobil ofis xidmətindən bu günədək 200 mindən çox vətəndaş faydalanıb. Hesabat dövründə ölkə üzrə 90 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Dünyada iqtisadi aktivliyin aşağı düşdüyü indiki zamanda Azərbaycanın daşınmaz əmlak bazarındakı canlanma məhz Sizin imzaladığınız mühüm əhəmiyyətli normativ sənədlərdə verilmiş göstəriş və tapşırıqların icrası nəticəsində mümkün olub. Təsadüf deyil ki, Dünya Bankının dərc etdiyi “Doing Business” illik hesabatlarında Azərbaycan qeydiyyat prosedurlarının sayı, sərf olunan müddət və qeydiyyatın şəffaflığı parametrlərinə görə 190 ölkə arasında əmlakın qeydiyyatı sahəsində 22-ci yeri tutub.

Möhtərəm cənab Prezident, Sizin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və özəlləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyiniz strategiya ölkədə bu istiqamətdə yeni, müasir metodların tətbiqinə imkanlar açıb. Verdiyiniz tapşırıqlara uyğun olaraq, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin, habelə özəlləşdirilməsi məqsədəuyğun olan müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib və onların özəlləşdirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir".

K.Həsənov deyib ki, özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə “Özəlləşdirmə portalı” yaradılıb. Portalda özəlləşdirilən müəssisələrin satış qiyməti, iqtisadi-texniki göstəriciləri və digər məlumatlar öz əksini tapıb. Portaldan istifadə edənlərin sayı 800 mini keçib. Eyni zamanda, özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi üçün nüfuzlu beynəlxalq qurumların iştirakı ilə biznes forumlar və təqdimatlar keçirilib:

"Özəlləşdirilən dövlət əmlakının bazar qiymətlərinə uyğun qiymətləndirilərək hərraclara çıxarılması təmin olunur. Dövlət əmlakının özəlləşdirilməsinə dair hərraclar açıq, şəffaf və rəqabət şəraitində keçirilir.

Hərraclar təşkil edilərkən yeni innovativ üsullardan istifadə olunmaqla, elektron hərracların keçirilməsinə başlanılıb. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 300-dən çox dövlət əmlakı özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən daxil olan 52,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib".

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   Kərəm-Həsənov  





Xəbər lenti