Hər il 443 min yeniyetmə ana olur - Hesabat

Hər il 443 min yeniyetmə ana olur - Hesabat
  19 İyul 2017    Oxunub:1433
BMT-nin Əhali Fondu 2016-cı ili əhatə edən “Milyonlarla dəyişilmiş həyat” adlı illik hesabatını dərc edib.
AzVision.az xəbər verir ki, sözügedən illik hesabat milyonlarla qadın və gənclərin səğlamlığının qorunması və hüquqlarının təşviqi, eləcə də onların potensiallarının reallaşması üçün BMT-nin Əhali Fondunun keçən il ərzində gördüyü işlərə və nəticələrə həsr olunub.

Hesabat şərti olaraq 6 hissəyə bölünüb. Bu bölmələr Ərəb, Şimali və Şərqi Afrika, Mərkəzi və Qərbi Afrika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, Asiya və Sakit okean və Latın Amerika regionlarını əhatə edir.

Hesabatda qeyd olunub ki, Şərqi Avropa və Mərkəzi Asiya əsasən orta gəlirli əhəmiyyətli vəsaitlər və müvafiq dövlət xidmətləri və infrastruktur səviyyəsinə malik ölkələrdən ibarətdir. Bu isə öz növbəsində antenatal qulluğun keyfiyyətinin region üzrə təxminən eyni səviyyədə olmasına və 1990-cı illərin əvvəllərindən etibarən ana ölümlərinin sayının yarıdan çox azalmasına səbəb olub. Lakin iqtisadi bərabərsizliklər və iş imkanlarının məhdud olması bu ölkələrdə miqrasiyanın artmasına səbəb olmaqla yanaşı, bir çox ailələrin istədikləri qədər çox uşağa sahib ola bilməməsi və cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışına əngəllər törədir. Ən çox həssas qruplara aid milli azlıqlar, qaçqınlar, miqrantlar, gənclər və kasıb təbəqəyə aid şəxslər öz reproduktiv hüquqlarının reallaşmasında və dolğun məlumatlara çıxışda xüsusi problemlərlə üzləşirlər.

Regionda 17 milyona yaxın qadının hələ də müasir kontrasepsiyaya çıxışı məhduddur və onların böyük əksəriyyəti ənənəvi kontrasepsiya metodlarından istifadə edir. Bu isə öz növbəsində arzu olunmayan hamiləlik və cinsi yolla keçən infeksiyalara yol açır. Təəssüflər olsun ki, Cənub-Şərqi Avropa və Cənubi Qafqazın əksər ölkələrində müasir kontraseptivlərin istifadəsi dünyanın ən az inkişaf etmiş ölkələrindəki orta səviyyədən aşağıdır.

Hesabatda bildirilib ki, regionda hər 1,000 diri doğuşa 257 abort düşür və hər il 443,000 yeniyetmə uşaq dünyaya gətirir, bu isə Qərbi Avropadakı göstəricilərdən 3 dəfə çoxdur. Bundan başqa qadınlara qarşı diskriminasiya, gender əsaslı zorakılıq və cinsə görə doğulan uşaqların nisbətinin pozulması gender ayrı-seçkiliyinin əsas təzahürü olmağa davam edir.

Bundan əlavə hesabatda 2016-ci ildə regionumuzda həyata keçirilən layihələrdən də bəhs edilib. Belə ki, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların aradan qaldırılması, gənclərin reproduktiv və cinsi sağlamlıq hüquqları barəsində məlumatlandırılması və s. hesabatda öz əksini tapıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: BMT   Hesabat  





Xəbər lenti