8760 uşağa aylıq sosial müavinət ödənilir

  31 İyul 2017    Oxunub : 853
8760 uşağa aylıq sosial müavinət ödənilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Fərmana əsasən, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq 30 manat məbləğində sosial müavinət verilir. Cari ilin 1 iyul tarixinə ƏƏSMN tərəfindən ölkədə beşdən çox uşağı olan 3022 nəfər qadının 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir.

Ümumilikdə, ölkədə aylıq sosial müavinətlə təmin olunanların bir hissəsini də uşaqlar təşkil edir. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları aylıq sosial müavinətlə təmin olunurlar.

Ailə başçısını itirməyə görə aylıq müavinət və əmək pensiyası ödənilən ailələrdəki ailə üzvlərinin mühüm hissəsi uşaqlardan ibarətdir.

ƏƏSMN tərəfindən cari ilin 6 ayında aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların ümumi sayı isə 442,8 min nəfər təşkil edib.

AzVision.az

Teqlər: ƏƏSMN   Müavinət