Hirkan Milli Parkında yanğın tam lokallaşdırılıb - Yenilənib
![Hirkan Milli Parkında yanğın tam lokallaşdırılıb - Yenilənib Hirkan Milli Parkında yanğın tam lokallaşdırılıb - Yenilənib](https://azvision.az/photos/1484326687_yangin_1502102842.jpeg)
Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb: “Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb”.
ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
***
(16:03)
Son məlumata görə, Hirkan Milli Parkında baş vermiş yanğın lokallaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğın baş vermiş ərazi yüksək dağlıq olduğu üçün yanğının söndürülməsində texnikadan istifadə edilməsinin mümkünsüz olduğu, daha çox əl əməyindən istifadə edildiyi bildirilib.
***
(14:47)
Hirkan Milli Parkında yanğın başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AzVision.az--a bildirib ki, 07 avqust 2017-ci il tarixində saat 13:00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.
O, qeyd edib ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub: “Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır”.
Aytən Zəhra
AzVision.az