Sumqayıtda evi yanan 22 ailə çadırda yaşayır: "Nə hamamımız, nə də tualetimiz var" (FOTOLAR)

Sumqayıtda evi yanan 22 ailə çadırda yaşayır: "Nə hamamımız, nə də tualetimiz var" (FOTOLAR)
  11 Avqust 2017    Oxunub:9385
Xəbər verdiyimiz kimi, avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadırlar quraşdırılıb.
AzVision.az-ın əməkdaşları hadisə yerinə baş çəkərək çadırlara yerləşdirilən sakinlərlə görüşüb.

Yanğın Cəbrayıl rayonundan köçkün düşən Məmmədova Qızqayıtı evsiz qoyub. O, isti havada çadırda qalmağın dözülməz olduğunu deyib.

“Həmin gün yadıma düşəndə yanğının xofu məni bürüyür. Bina qəfildən tüstülədi. Həmin vaxt evdə idim. Hər tərəfi tüstü bürüdü. Pilləkənlərlə aşağı düşmək olmurdu. Mən dördüncü mərtəbədə yaşayıram. Yanğın isə 3-cü mərtəbədən başladı. Yanğın O qədər güclü idi ki, birbaşa yuxarı vururdu. Evimin aynabəndinə ziyan dəyib. Hər an çökə bilər”.




Sakinlərlə söhbət zamanı öyrəndik ki, yataqxanada 116 ailə yaşayıb. Onlardan 22-nin evinə ziyan dəydiyindən çadırlarda qalmağa məcbur olublar.

“Sumqayıtın icra başçısı Zakir Fərəcov yanğından sonra yataqxananın qarşısında quraşdırılan qərargaha gəldi. Dedi ki, narahat olmayın, müvəqqəti çətinlikdir, dekabrın 15-də şəxsən mən özüm gətirib sizin evinizin açarını verəcəyəm. Sumqayıtda 12-ci mikrarayonda ev tikilir.

İcra başçısı yataqxanın 3-cü mərtəbəsində evi yanan sakinlərə söz verdi ki, 10 gün ərzində evləri təmir olunacaq”.



Sakinlərin narahat qaldıqları məqamlardan biri də yanan əşyalara görə onlara kompensasiya verilməməsidir.

“İsti havada çadırda yaşamaq dözülməzdir. Çadırlarda ancaq işıq var. Bu istidə tualet, hamam yoxdur. Kimin yaxınlıqda qohumu, tanışı varsa, çimməyə onlara gedir. Paltarlarımızın hamısı yanıb. Canımızı götürüb binadan çıxmışıq. Tutaq ki, evlərimiz ala-babat təmir olundu, bəs bu evlərdə nə ilə yaşayacağıq. Yerə sərib oturmağa palazımız da yoxdur. Bizə bunların kompensasiyası verilməlidir.

Fövqəladə Hallar Nazirliyinə binanın qəzalı olması, hər an yana və ya uça biləcəyi ilə bağlı məlumat vermişdik. Özləri də təsdiq ediblər ki, bina qəzalı vəziyyətdədir. Hər yerə müraciət etmişik. İcra başçısı söz verib. Başqa heç kim bizimlə maraqlanmır. Çadrlarda yayın bu istisində qalmaq sadəcə bir dəhşətdir”,-deyə məcburi köçkün qeyd edib.

































Şahanə Rəhimli
AzVision.az






Teqlər: Yataqxana   Köçkün  





Xəbər lenti