Bu ərazilərdə ev tikmək olmaz!

  17 Avqust 2017    Oxunub : 1248
Bu ərazilərdə ev tikmək olmaz!

Azərbaycanda torpaq sürüşməsinin aktivləşməsinə təsir edən amillərdən biri də insanların sürüşməyə həssas sahələrdə ev tikməsidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası respublika ərazisində olan sürüşməyə həssas sahələr haqqında albom tərtib edib.

R.Həsənov bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə 14 sürüşmə təhlükəsi olan sahə mövcuddur: "Bu məlumatlar müvafiq qurumlara, yerli icra orqanlarına çatdırılıb. Həmin məlumatlardan istifadə edilməlidir".

R.Həsənov deyib ki, bu sahə ilə bağlı maarifləndirmə işləri aparılmalıdır: "Vətəndaşlara ev tikərkən ərazinin təhlükəli olduğunu bildirib qadağa qoymaq bizim səlahiyyətimizdə deyil. Bu məsələdə müvafiq qurumlar məsuliyyət daşıyır. Maarifləndirmə işi zəifdir, əhali də, demək olar, maraqlanmır ki, hansı ərazilərdə ev tikmək olar. Vətəndaşlar ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonra da problemlərlə üzləşirlər".

Ekspedisiyanın dəstə rəisi vurğulayıb ki, tikintinin norma və qaydaları var: "Müəyyən maillilik dərəcəsi var, bu maillilik dərəcəsinə qədər olan yerlərdə ümumiyyətlə tikinti tikmək qadağandır. Ancaq bəzən iki dəfə normadan artıq mailliliyə malik yamacda ev tikirlər. 60-70 dərəcə maillilik olan yamacda, hətta yamacı kəsib ev tikirlər. Sonra isə həmin ərazilərdə sürüşmə olur, evlər uçur. Təbiətə nə qədər müdaxilə edirsənsə, təbiət də onun qarşılığında cavab verir. Əgər yamacı kəsib orada ev tikilirsə, əlbəttə, bunun fəsadları da olacaq". (Trend)

AzVision.az

Teqlər: Ekologiya   Ev