![](https://azvision.az/photos/bayram1_1503472087.jpg)
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.
Tanınmış meyxana ustası maraqlı qafiyələri ilə də yadda qalıb. Onun “Yeyib içən oğlan yaman olmaz”, Nə oldu sənə?”, “Sözün düzünü deyəcəyəm, çəksələr də darə məni”, "Zalım fələk Əşrəfi aldı getdi" və bu kimi məşhur qafiyələri tarixə düşüb.
Bayram Kürdəxanılı 3 il öncə həbs həyatı yaşayıb. Belə ki, meyxanaçı 2014-cü il iyulun 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. Bundan sonra Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. Elə həmin ilin noyabrın 14-də Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanlıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verib. Tanınmış meyxanaçı 3 fevral 2015-ci ildə həbsdən azad edilib.
![](https://azvision.az/photos/kurdexanili_1503471663.jpg)
Bayram Kürdəxanılı heç vaxt ailə qurmayıb və övladı yoxdur. Meyxanaçı evlənmədiyinə görə peşman olmadığını söyləyib.
![](https://azvision.az/photos/bayram3_1503472132.jpg)
![](https://azvision.az/photos/bayram1_1503472087.jpg)
Anar Kəlbiyev
AzVision.az