FHN evlərini su basan 42 nəfəri xilas edib - Yenilənib

FHN evlərini su basan 42 nəfəri xilas edib - Yenilənib
  04 Oktyabr 2017    Oxunub:4434
Lənkəranda yağışlar nəticəsində köməksiz qalan 17 nəfər təxliyə edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 14 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.

Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.

***

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolub.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Fövqəladə Hallar Nazirliyinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi vətəndaş müraciətlərinin aidiyyəti dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətlərinə və “Azərsu” ASC-ə ötürülməsini və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunmasını həyata keçirib.

Oktyabrın 4-də gecə saatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb olunub.

Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.

AzVision.az



Teqlər: FHN   Binəqədi  





Xəbər lenti