Prezident tapşırıq verdi: KİV təcili toplandı

Prezident tapşırıq verdi: KİV təcili toplandı
  06 Oktyabr 2017    Oxunub:3202
“Hər bir xalqın dili onun zəngin sərvətidir. Dil xalqın özünəqoruma instiktini gücləndirir. Millət təsdiq edən onun ana dilidir. Azərbaycan dili dövlət atributlarından biridir, sosial mənəvi dayağıdır. Dil nə qədər saf və zəngin olarsa, milli varlığımız o qədər sarsılmaz olar. Dövlət dili respublikada bərqərar olub”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycan müstəqil olduqdan sonra ana dili ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilib. Müasir dövrdə texnologiyanın insanlar tərəfindən mənsənilməsi dövlət dilini təkmilləşdirməklə yanaşı mənfiliklər də gətirib. Təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulur. Filmlərin dublyajında da nöqsanlar var, küçə reklamlarında da bu cür hallar mövcuddur. Küçə və meydanlarda reklamlarda adi qrammatik qaydalara riayət olunmur. Milli Televiziya və Radio Şurası televiziyalarda dilin qorunması ilə bağlı səlahiyyətlərə mövcuddur”.



Ə. Həsənov qeyd edib ki, Azərbaycan dili hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: "Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib".



Prezidentin köməkçisi qeyd edib ki, növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi olub: “Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün prezident İlham Əliyev ardıcıl davam etdirir. Cənab prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulamış, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün geniş tədbirlər həyata keçirir. Onun 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb”, - deyə o bildirib.



Ə. Həsənov əlavə edib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur.



Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib. Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik”.

Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az



Teqlər: İlham-Əliyev   MTRŞ  





Xəbər lenti