Həyatın dibinə aparan iki yol

Həyatın dibinə aparan iki yol
  21 Oktyabr 2017    Oxunub:3037
Bəhram Çələbi
AzVision.az üçün

...Narkotikin necə ziyanlı olduğunu hamı yetərincə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı gündən-günə artır. Çünki narkotiklərin insan həyatını necə şikəst etməsi barədə təbliğat azdır. Narkotikdən asıllıq ondan bir neçə dəfə istifadə etməklə yaranır, lakin onun caynaqlarından qurtulmaq çox az adama müyəssər olub.
...Toyun şərəfli qonaqları sıyahısında Özbəkistanda at oynadan oliqarx Şöhrətdin Kasimovun soyadı qırmızı hərflərlə qeyd olunmuşdu. O, təyyarədən Roma imperatoru Neron ədasıyla, Səudiyyə maqnatı Əl-Əs Sabah ibn Neştər saymazlığıyla düşdü. İrəlidə keşikçi – cangüdənlər, arxasında isə əshabələri trapdan endilər.

“Şoka” şəstlə iki addım atıb, onu qarşılamağa gələn toy sahibi Tiqranın köməkçisi Georgiyə yaxınlaşdı:
- Salam, Geşa! Как там Тигранчик, кaйфует еще? – deyərək, saymazyana tərzdə əlini irəli uzatdı.
Otuz yaşlarında, idmançı bədənli, qara eynəkli, cəld hərəkətli Gennadi qonağın yersiz zarafatına cavab vermədən, onun yumşaq barmaqlarını sıxdı, qohumu Abdulla ilə də salamlaşdı, başqalarına fikir vermədən dilləndi:
- Qardaşlar, xahiş edirəm, maşınlara əyləşəsiniz.

Şöhrəddin Tiqranın ailəsinin ən sevilən qonağı idi. Yerevana səfərləri zamanı mütləq Tiqranın zövcəsi Veranın öz əli ilə hazirladığı şam yeməyində qarnını bərkidər, onun qızı Pozanın toppuş yanağından marçıltı ilə öpəndən sonra brilyant qaşları olan ləl-cəvahirat bağışlardı. Pozanın brilyantlar kolleksiyası topladığını bilirdi.

Şöhrəddinin oturduğu maşın və arxasındakı kortej Yerevanın mərkəzində yerləşən “Kamaris” mehmanxanasına doğru şütüdü. Orada onu Ermənistandan olan başqa bir oliqarx gözləyirdi. Özbək milyonçu ilə onun işgüzar söhbəti vardı.

...Qonaq söhbətin konfidensial, məxfi olacağını bildirəndə “xozyain” “svita”sına nömrəni tərk etmək göstərişini verdi. Hətta Şöhrəddinin sadiq dostu, sağ əli hesab olunan Abdulla da şəhərdə “gəzməyə” göndərildi.
- Sənin aqil hərəkətlərinlə, bərəkətli qrevlərinlə özbək düşərgələri gülüstana dönüb, hörmətli dostum, - erməni oliqarx tərifnaməyə başladı.
- Allaha şükür, elə sizdə də xalq çürümüş sosializmdən qərb kapitalizminə doğru irəliləyir, - Şoxa yağlı kababını dişləyərək, ironiya ilə gülümsədi. – Yaradan bizə gözəl iqlim, bərəkətli torpaq, işgüzar xalq, səmimi dostlar bəxş edib. Yaxşı dost, partnyor isə əmin-amanlıq deməkdir. Sənin şərəfinə, hörmətlim!
Badələrdəki “Axtamar”ı hər iki boss adi su kimi içəri sümürdü.
- Amma sizin uşaqlar bu yaxınlarda mənim adamlarımın ayağını tapdalayıblar,- Robert Ciqalyan bir qədər əsəbiliklə dodaqlarını sildiyi salfeti stolun üstünə tulladı. – Bizim adamların toqquşması yaxşı hal deyil.
- Nə məsələdir, hörmətlim?
- Sizin patsanlar Səmərqənddə heç bir günahı olmayan adamları zindana salıb, ac-susuz saxlayıblar.
- Nə danışırsan? Adamlarım bu barədə mənə məlumat verməyiblər. Ola bilməz! – Şoxa süni ciddiliklə gözlərini qıydı.
- Olub, mənim əziz dostum. Mənim adamlarım ora böyük miqdarda dəman bitkiləri almağa gəliblər. Oradakı “sportsmenlər” uşaqların qollarını qandallayıblar.
- Sizinkilər küknar, yoxsa ətirli ot alıblar? – Şoxa maraqlandı.
- Hər ikisindən.
- Başa düşürəm, hörmətlim, – özbək hiyləgərcəsinə gülümsədi. - Ancaq onu bilmirdim ki, sənin də bu işdə marağın var.
- Zindanda oturanlar yaxşı adamlardır. Onların barədə məndən yaxın, həm də yaxşı bir adam xahiş edib. Abdulikə tapşır, buraxdırsın onları. Onları azad eləsinlər, pulları da qaytarsınlar.
- Azadlığa sözüm yoxdur, amma pulun qaytarılacağına söz vermirəm...- Şöhrəddin badəsini toqquşdurmadan konyakı mədəsinə axıtdı.
- Sən hər şeyi bacararsan, Şoxik, əgər istəsən...
- Mən tapşıraram onları buraxarlar, amma pul məsələsində qoy özləri dil tapsınlar. Belədə hamıya yaxşı olar... Kapitalizmin akulalarından sayılan Morqan bilirsən, nə deyib? “Biznesdə dost anlayışı yoxdur, maraqların üst-üstə düşməsi var”. Saqqallı alman, “Kapital”ı yazanda da təxminən buna bənzər sözlər işlədib, həmin kitabın bir neçə vərəqini oxumuşam, bu sitatı əzbərləmişəm və biznesə qarışmıram...

* * *

... İttifaq dağılan ərəfələrdə Ermənistan SSRİ məkanını və hətta xarici ölkələrin bir neçəsini Özbəkistan və İrandan gətirilən narkotik maddələrlə təmin edirdi. Bəziləri milyonlar qazanır, çoxları isə həyatın dibinə enirdi. Enənlərdən birinin (adının gizli qalmasını istəyib) etirafı:

- Mənim evimi narkotik maddələrə aludəçiliyim yıxdı. Elə bir ailədə böyümüşdüm ki, nə vaxtsa bu günə düşməyim kimsənin ağlına gəlməzdi. Evi yıxılsın mənə ilk dəfə anaşa çəkdirənin. Doxsanıncı illərin lap əvvəllərində atam zavod rəhbərlərindən biri, anam texnikumda müəllimə idi. Ailənin yeganə övladı olduğumdan valideynlərim nazımla oynayırdılar. Tay-tuşlarımdan heç birinin maşını yox idi, mənimsə 2106 "Jiquli"m vardı. Cibim pulla dolu olardı. Yeyib-içir, günümü gözəl qızlarla keçirirdim. İlk dəfə qadınla yatağa girəndə 16 yaşım təzəcə tamam olmuşdu. Sonra ikinci, üçüncü qadın... Böyüdükcə qadınları sayı artırdı. Bütün bunlara baxmayaraq, dərslərimlə məşğul olmağa vaxt tapırdım və pis də oxumurdum. Orta məktəbi bitirəndə bir qadına "ilişmişdim". İnstituta girmək barədə düşünmürdüm. Bir gün qonşular pozğun həyat keçirdiyim barədə atama məlumat çatdırdılar. Atam zəhmli kişiydi, amma mənə təpinmirdi, buna anam imkan vermirdi.



Axşam gec gəldim evə. Oturub məni gözləyirdi. İçəri keçən kimi atam “Gəl otur, sənə sözüm var”, - dedi.
Dinməzcə göstərdiyi yerdə əyləşdim. Gözləyirdim ki, tufan qaldıracaq, dişinin dibindən çıxanı deyəcək. Əksinə oldu. Atam mənimlə çox mülayim danışdı:
- Oğul, bu cür həyatdan bezməmisən? Bəs deyilmi, boş-boş gəzdiyin. Adım-sanım, dost-tanış, qohum-əqraba arasında hörmətim var. Mənə yaraşarmı ki, gözümün ağı-qarası bir oğlum haqqında xoşagəlməz sözlər eşidim. O qadın kimdir ki, gedib onun evində qalırsan? Qadın istəyirsənsə, halal süd əmmiş qızla evləndirim səni. Qayıt pis yoldan, hələ gec deyil...

Başımı aşağı salıb dinmirdim. Atamın düz danışdığını dərk edirdim.
- Bağışla, ata! Səhvimi düzədərəm, - dedim.
Bir ay ərzində məni evləndirdilər. Qız yaxşı ailə tərbiyəsi görmüşdü, mehriban dolanırdıq. Əgər sonuncu dəfə evində qaldığım qadın olmasaydı... O, məndən qisas almaq qərarına gəlmişdi. Hadisələrdə iştirak etməsə də, sonradan öyrənə bildim ki, hər şeyi o qadın idarə edir.

Əvvəlcə dostlarım məni bağa apardılar. İçki məclisi, gözəl-gözəl xanımlar - ağlımı başımdan aldılar. Bu səhnələr dəfələrlə təkrar olunurdu. Necə oldusa, təzəcə tanış olub əyləndiyim qız mənə papiros çəkməyi təklif etdi. Bildirdi ki, "doldurulub". Etiraz etmək istədim. Lakin bacarmadım. Qızın mənə dediyi sözlər yumşaltdı məni:
- Mən qızlığımla çəkirəm, kayf tuturam. Sən kişi ola-ola qorxursan?

Papirosu çəkib elə xumarlandım ki, elə bil Gülüstani-irəmə düşmüşdüm... Alışdım anaşaya... Sonra keçirdi məni iynəyə... İynə anaşadan da yaxşı. Nə biləydim ki, bununla özümü sağalmaz xəstəliyə düçar edirdim. Yavaş-yavaş dönüb oldum narkoman. Bir gün belə iynəsiz dura bilmirdim.

Tədricən nəyim vardı, qoydum narkotik maddələrə. Valideynlərim dərddən çərlədilər. Onlara məxsus nə vardısa - ev, maşın, mebel, atamın böyük kitabxanasınacan - hamısını satdım. Otuz yaşın içində olsam da, qoca kişiyə oxşayırdım. Qızım on bir yaşına çatmışdı. Təkcə arvadım işləyirdi, maaşının çoxunu əlindən alırdım.

“Lomka” yetişəndə isə hətta doğmalarının da canına qəsd edə bilərsən, təki dozanı əldə edəsən. Qumarda bəxtimi sınamaq qərarına gəldim. Günlərin birində maldan vurub qumara oturdum. Yaşadığım mənzili də qoymuşdum qumara… və uduzmuşdum... Səhərə yaxın evə qayıdırdım... Qumar "dost"larım yol pulu vermişdilər mənə. İki papirosluq anaşa alıb doldurdum. Dumanlı başımı daha da dumanlandırdım. Sonra heç nə xatırlamıram... Mənzilimizi uduzduğumu eşidəndə zövcəm qızımı da götürüb, atasının evinə getdi…
Başqa bir dərdim yoxdu, mal tapmaq dərdiydi dərdim. Oğurluğa qurşandım… Narkomaniyanın axırı yoxdur. İmkanım olsaydı, televiziyaya, radioya çıxar, oradan çığırardım: “Narkotik maddələr bəladır. Narkotikaya meyl göstərənin aqibəti belə olur. Dayanın!!!”

* * *

... Həbsxana və lagerlərdə qumar xüsusi yer tutur. Hələ altmışıncı illərin əvvəllərindən başlayaraq, qədim rus oyunları sayılan “ters”, “oçko”, “seka”, “rams”, “bura” və “stos” həbs düşərgələrində geniş yayılmışdı. Elə o vaxtdan kart oyununun qayda-qanunları da dəqiqləşdirilmişdi. Bu qayda-qanunun bilavasitə oyunlara aidiyyatı yox idi. Onlar daha çox qumar prosesində meydana çıxan nüansları, xırdalıqları tənzimləyirdilər. Məhz bundan sonra qumar dustaqların taleyində həlledici rol oynamağa başladı. Onlar bir gecədə müflis də ola bilərdilər, varlı da. Məhz qumar üstündə dustaqlar şikəst olur, həyatlarını itirir, "paraşnik"ə çevrilirdilər. Lakin bütün bunlara baxmayaraq, qumar oynamaqda davam edirdilər. Çünki dustağın boynuna düşən mükəlləfiyyətlərdən əsası elə qumar sayılırdı. Kriminal aləmdə hörmət dustağa qumar bəxti ilə bir yerdə gəlir. Əgər sən oyunçu deyilsənsə, ən yaxşı halda “zolotoy mujik” ola bilərsən.

Qumar borcunu ödəyə bilməyənə pis məna daşıyan tatuirovkalar döydürürdülər. Elə hallar olurdu ki, bu tatuirovkalar görünsün deyə alına və yanağa da vurulurdu. Belələri artıq alçaldılmış sayılır və barakda özlərinə layiq olan mövqeni tuturdular.

Zaman keçdikcə qumar üstə döyülmə nisbətən ağrısız, lakin çox biabırçı proseslərlə əvəzlənirdi. Ödənilməmiş borca görə insanı alçaldırdılar. Qalib cinsi təcavüzü şəxsən özü yerinə yetirə, yaxud başqasına da tapşıra bilərdi. Əgər bu barədə kriminal avtoritetə şikayət olunsaydı, o borclunu alçaldacaq dustaqları özü müəyyənləşdirirdi. Alçaldılmış “zek”in bədəninə passiv homoseksualistlərə aid olan xüsusi tatuiovkalar döyülürdü. Bir müddətdən sonra isə qumar borcunu ödəyə bilməyənlər üçün xüsusi tatuirovkalar qəbul edildi. Bu tatuirovka yan nahiyəsinə döydürülən kart vərəqlərinin təsviri və buradakı şeytan şəkli idi.

* * *

“...İmkanım olsaydı, televiziyaya, radioya çıxar, oradan çığırardım: “Narkotik maddələr bəladır. Narkotikaya meyl göstərənin aqibəti belə olur. Dayanın!!!”



Teqlər: #Narkomaniya   #Qumar   #Kriminal  





Xəbər lenti