Ekspert SOCAR-BP sazişini müsbət qiymətləndirdi

Ekspert SOCAR-BP sazişini müsbət qiymətləndirdi
  27 Aprel 2018    Oxunub:2547
Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Görüşdən sonra Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb
Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.

Yeni razılaşmanın perspektivi nədir və Azərbaycan nə verəcək?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert İlham Şaban AzVision.az-a bildirib ki, SOCAR-la BP arasında yeni sazişin imzalanması gözlənilən idi və bu, bizim ölkəmiz üçün əhəmiyyətli hadisədir.

“Bir neçə gün öncə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli belə bir sənədin imzalanacağının anonsunu vermişdi. Bu sənədin imzalanması ilə bağlı ilkin razılaşma 2016-cı ilin mayında əldə edilmişdi. Sonrakı dövr üçün hazırlıq getdi və nəhayət 26 aprel 2018-ci ildə bu sənəd imzalandı”.

İ.Şaban qeyd edib ki, Xəzər dənizində yataqların öyrənilməsi, kəşfi, onların istismarı dövrünə nəzər salsaq, dənizin Azərbaycan sektorunun şimal hissəsi nisbətən az öyrənilib.

“Müstəqillik illərində cəmi bir şirkət - Rusiyanın "Lukoil" şirkəti Xaçmaz rayonunun Yalama ərazisindəki D222 strukturunda dənizin dayaz hissəsində bir quyu qazmışdı. Ancaq bu quyudan heç bir karbohidrogen ehtiyatı tapılmadığından müqaviləyə 2000-ci ilin əvvəlində xitam verildi.
Hazırkı D230 perspektiv bloku Bakı şəhərindən 135 kilometr şimalda yerləşir. Bu blok Xəzərin daha dərin hissəsindədir. Orada dənizin dərinliyi 150 metrdən başlayır. İlkin aparılan geoloji kəşfiyyat işləri dənizin dibindən 3500 metrdə karbohidrogen ehtiyatı olmasını güman edir. Bu gümanı reallığa çevirmək üçün orada kəşfiyyat quyusu qazılmalıdır. Bundan sonra orada bir şey tapılmasa belə, Azərbaycan geoloqlarına böyük töhfə olacaq. BP-nin operatorluğu ilə aparılan kəşfiyyat işlərinin məlumatları Azərbaycana veriləcək. Bu da gələcək zaman üçün Xəzərin şimal hissəsinin geologiyası ilə bağlı aparılacaq növbəti işlərdə çox qiymətli material rolunu oynayacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İlham-Şaban   BP   SOCAR  





Xəbər lenti