Azərbaycanla Rusiya arasında nəqliyyat müzakirəsi

Azərbaycanla Rusiya arasında nəqliyyat müzakirəsi
  07 Avqust 2018    Oxunub:2327
İqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın genişlənməsində iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir.

Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bu dəhlizin nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayıb. Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisinin davam etdiyini bildirən Ş.Mustafayev bu layihənin də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında əhəmiyyətli olacağını qeyd edib.

Rusiya nəqliyyat nazirinin müavini A.Luşnikov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin uğurlu layihələrdən olduğunu vurğulayıb, hazırda Azərbaycan və Rusiya arasında icrası davam edən nəqliyyat layihələrinə, daşımaların artırılması imkanlarına və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

AzVision.az


Teqlər: Rusiya   Şahin-Mustafayev  





Xəbər lenti