Bakıda sərnişinləri ölümlə hədələyən şəxs tutuldu

Bakıda sərnişinləri ölümlə hədələyən şəxs tutuldu
  18 Avqust 2018    Oxunub:2485
"Sosial şəbəkələrdə Bakıda avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən "manyak"ın peyda olması ilə bağlı yayılan məlumatlar əsassızdır".
AzVision.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, həmin şəxs əslində manyak deyil, sadəcə, tüfeyli həyat tərzi keçirən biridir: "Bu adam Quba rayon sakini Nəbi Ağayevdir və bu, onun tərəfindən törədilən ilk hadisə də deyil. O, bundan iki gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun, səhv etmirəmsə, sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri ölümlə hədələyib. Bu səbəbdən dispetçerlərin müraciəti əsasında o, Nərimanov rayon Polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib".

O.Mansurzadə deyib ki, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb: "O, iki gün sonra Xətai prospektində eyni əməli törədib və polis tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbirlər görüləcək. Artıq məsələ eyni maddə ilə polis tərəfindən sənədləşdirilib və baxılması üçün məhkəməyə göndərilib. Qanunvericiliyə görə, təkrar eyni əməl törədildiyi təqdirdə, cəza sanksiyaları sərtləşdirilir, inzibati həbs nəzərdə tutulur. N.Ağayev sabah məhkəməyə çıxarılacaq və onun barəsində müvafiq qərar veriləcək".

Qeyd edək ki, N.Ağayev son günlər Bakı şəhərinin Nərimanov rayonunun Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb. O, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında içkili vəziyyətdə gələrək qeyri-adekvat hərəkətlər edib, avtobusların qarşısını kəsib və onların hərəkətinə maneə yaradıb. Həmçinin sürücüləri və sərnişinləri ölümlə hədələyib, rəsmi təyin edilən dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan verməyib. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olublar.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti