Sabirabadda polis qadını ölümdən xilas edib

Sabirabadda polis qadını ölümdən xilas edib
  29 Avqust 2018    Oxunub:4465
Daxili İşlər Nazirliyinə (DİN) hər gün onlarla təşəkkür məktubu gəlir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bu məktubların heç biri diqqətdən kənarda qalmır. Onlardan biri ilə oxucularımızı tanış etmək istədik.

“Sabitliyimizin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarına öz minnətdarlığımı bildirmək istəyirəm. Avqustun 20-də saat təxminən 19 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində bir qadının huşunu itirərək yerə yıxıldığını gördüm. Dərhal avtomobilimi saxlayıb öz insanlıq borcumu yerinə yetirmək üçün həmin yerə yaxınlaşdım. Bu vaxt Sabirabad RPŞ-nin bir əməkdaşının da həmin yerə gəldiyini gördüm. Təcili tibbi yardıma ətrafdakılar zəng vursa da, Rail adlı həmin polis əməkdaşı həmin xanımı avtomobilə oturdub, təcili olaraq xəstəxanaya apardı. Polis əməkdaşının sayıqlığı, çevikliyi nəticəsində daha bir insan həyata qayıtdı. Çox sağ olun, çox var olun!” - bu fikirləri DİN-ə ünvanladığı təşəkkür məktubunda Sabirabad rayon sakini Emin Həsənov yazıb.

Hadisə vaxtı Sabirabad rayonunda xidmət aparan RPŞ-nin əməkdaşı, polis serjantı Rail Abuşov bildirib: "Hava çox isti idi. Sakinlərin günvurmadan, isti hava ucbatından zərər çəkə biləcəyi də narahatlıq doğururdu. H.Əliyev prospektində on-on beş nəfərin yol kənarına toplaşdığını gördüm. Avtomobili saxlayıb ora yaxınlaşdım və bir qadının huşunu itirdiyinin şahidi oldum. Dərhal ilkin tibbi yardım göstərərək həmin qadını və onun yanında olan qızı və iki nəvəsini avtomobilə oturdaraq xəstəxanaya apardım. Daha sonra həkimlərdən maraqlandım ki, qadın artıq özünə gəlib və səhhətində heç bir problem yoxdur".

Polis serjantı Rail Abuşov 5 ildir ki daxili işlər orqanlarında xidmət edir. Nümunəvi xidməti, fəallığı, verilən tapşırıqların icrasına ciddi münasibəti ilə fərqlənir.

AzVision.az


Teqlər: Sabirabad   Polis  





Xəbər lenti