Çaylarda suyun səviyyəsi açıqlanıb

  15 Oktyabr 2018    Oxunub : 382
Çaylarda suyun səviyyəsi açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 50-70, Naxçıvan Muxtar Respublikası çaylarında 5 faizini təşkil edir.
Departamentdən AzVision.az-a bildiriblər ki, oktyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 167 kubmetr təşkil etməklə ongünlük normanın 99 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib. Hazırda məntəqədə su sərfi saniyədə 65 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 101 kubmetr təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.

Oktyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr artım müşahidə olunub. Lakin suyun səviyyəsi Şirvanda 2, Bankədə isə 1 santimetr azalıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 (2017-ci il oktyabrın 15-də 381 sm), Şirvanda 179 (2017-ci il oktyabrın 15-də 273 sm), Salyanda 137 (2017-ci il oktyabrın 15-də 210 sm), Bankədə 167 (2017-ci il oktyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetrə (2017-ci il oktyabrın 15-də 108 sm) bərabərdir.

AzVision.az

Teqlər: Çay