Azərbaycan Ordusunun qida laboratoriyasından XÜSUSİ REPORTAJ - (FOTOLAR)

Azərbaycan Ordusunun qida laboratoriyasından XÜSUSİ REPORTAJ - (FOTOLAR)
  19 Oktyabr 2018    Oxunub:14795
Bildiyimiz kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qida təhlükəsizliyi ilə əlaqədar ölkəmizdə həyata keçirdiyi tədbirlər və bu istiqamətdə normativ hüquqi aktların tələblərinə uyğun olaraq, Şəxsi Heyətin qida təhlükəsizliyini təmin etmək və daha da yaxşılaşdırmaq məqsədilə, Müdafə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz olunub.
Azvision.az-ın əməkdaşları Ordumuzun qidalanmasında yer alan ərzaqların yoxlanıldığı laboratoriyada olublar.

Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının rəisi, mayor Anar Məmmədov bildirib ki, laboratoriyanın əsas iş fəaliyyəti Silahlı Qüvvələrin Şəxsi Heyətinin qidalanması üçün qəbul olunan ərzaqların keyfiyyətinə və Kənd Təsərrüfatı Müəssisələrinin epizootik vəziyyətinə nəzarət etməkdir.



A.Məmmədovun sözlərinə görə, əsas məqsəd şəxsi heyətin qidalanmasında olan bütün ərzaq növlərini dərindən yoxlamaqdır: "Bütün bunları nəzərə alaraq yuxarı komandanlığın göstərişinə əsasən müasir tələblərə cavab verən, qabaqcıl ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilən yeni laboratoriya tikilib. Laboratoriyamız 6 bölmədən ibarətdir. Qida məhsulları Mərkəzi Ərzaq Anbarına qəbul edilməzdən əvvəl mütəxəssislər tərəfindən onlardan lazımi nümunələr götürülürək, fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinə həyata keçirilir. Ərzaq ekspertiza bölməsində qida məhsullarının fiziki-kimyəvi müayinələri aparılır. Mütəxəssislərimiz tərəfindən məhsulların turşuluğu, yağlılığı, nəmliyi, ağır metalların və quru maddənin təyini aparılır. Bakterioloji bölməmizdə bütün ərzaq növlərinin bakterioloji və bakterioskopit müayinələri həyata keçirilir. Götürülmüş nümunələr əkilir, termostatda saxlanılır. Əldə etdiyimiz nəticələrdən sonra qida məhsulu haqqında rəy verilir. Radioloji və toksikoloji bölməmizdə isə məhsulların nitratı, pestisid qalıqları və radioktiv fon ölçülür. Növbəti serologiya bölməsində iri və xırda buynuzlu heyvanlardan qan və kal nümunələri götürülərək bakteriskopit müayinədən keçirilir. Bu proses heyvanlarda hər hansı bir xəstəliyin olmasını vaxtında aşkar etməyimiz üçün vacibdir. Xüsusi təmizləmə bölməmiz yardımçı təsərrüfatların və ərzaq saxlanılan obyektlərin, ərazilərin texniki və kimyəvi təmizlənməsini həyata keçirir".



Ordumuzun zabiti qeyd edib ki, müalicə-profilaktika bölməsində mütəxəssislər kənd təsərrüfatı müəssisələrində iri və xırda buynuzlu heyvanların müayinəsi və müalicəsi ilə məşğuldur.

"Yeni tikilən laboratoriyamız bütün bu proseslərdə bizə geniş imkanlar verir. Əgər əvvəllər bir məhsulun keyfiyyəti bir neçə saata yoxlanılırdısa, indi həmin prosesə daha az vaxt sərf edirik. Bu da əsgərlərimizin sağlam mənşəli məhsullarla qidalanmasında böyük əhəmiyyət kəsb edir. Üzərimizə düşən vəzifələrin icrasında bir əsas məqsədimiz var. Səngərdə mətinliklə duran əsgərlərimiz keyfiyyətli qidalarla təmin olunaraq sağlam və cəsur olsunlar. Axı onların da qarşısında çox mühüm və müqəddəs vəzifə dayanır - işğal edilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək".



A.Məmmədov vurğulayıb ki, bunların hamısı Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

“Biz də öz növbəmizdə, əlimizdən gələni edirik ki, ilk növbədə ön cəbhədə xidmət edən əsgərlərimiz hər zaman ən yaxşı və keyfiyyətli ərzaqla təmin edilsin. Şübhəsiz ki, hamımızın bir arzusu var, o da işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasıdır və mən buna əminəm. Aprel döyüşləri də göstərdi ki, bizim ordu bütün kriteriyalarda düşməndən güclüdür və onu qısa müddətdə məhv etməyə qadirdir. Azərbaycan vətəndaşı və zabiti kimi hər an əldə silah işğal altında olan torpaqlarımızın azad edilməsində döyüşməyə hazıram”.



















































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Ordu   Müdafiə-Nazirliyi  





Xəbər lenti