Körpə qızların qətli - Murad Köhnəqala yazır

Körpə qızların qətli - Murad Köhnəqala yazır
  22 Oktyabr 2018    Oxunub:9654
Ölkədə gizli və açıq halda aparılan abortların sayı haqda məlumatları araşdırdıqdan sonra bu yazını yazmağı qərara aldım. Məlum oldu ki, ailəli qadınlar bir yana, azyaşlı məktəbli qızlar arasında da abort stoluna uzananlar var. Adlarını gizli saxlayan həkimlərin sözlərinə görə, müraciət eləyən naməlum hamilə azyaşlılar arasında naməlum şəxslər tərəfindən zorlananlar da çoxdu.
Azyaşlının hamilə qalmasının bir səbəbi də intim həyat haqda bilgisinin qüsurlu olmasıdır.

Yaxşı, tutaq ki, bir şagird qız hamiləliyi haqda həkimə müraciət eləyir və deyir, məni zorlayıblar, valideynimin bu işdən xəbəri olmasın deyə, abort elətdirmək istəyirəm. Demək, belə bir vəziyyətdə həkim onun hamiləlik problemini abort yolu ilə aradan qaldırır. Bəs azyaşlı qızı zorlayanın axırı necə olsun? Həkim pulunu alıb, abort eləməklə işini bitmişmi hesab edir? Şüşəsalan Çarli Çaplinlə şüşəqıran uşağın əlbir olduğu kimi, olmaya, həkimlər də kimlərləsə əlbirdi?

Təsəvvüründə əcaib mancanaq stollar və qanlı abort bıçaqları, qorxa-qorxa, qısıla-qısıla ovcunda birtəhər topladığı pul, abort üçün həkimə müraciət eləyən azyaşlı qızın vəziyyətini gözlərinizin qarşısına gətirin. Əvvəla, o qızın üzərində abort əməliyyatı aparmaq yox, onu düşdüyü bu ağır ruhi durumdan çıxarmaq üçün psixoloqa yönləndirmək gərəkdir.

Elə buradaca ortaya bir neçə sual çıxır.
Birincisi, pulunu alıb, abort eləmək istəyən, ona gəlir yeri kimi baxan qəssab həkim o qıza psixoloq yanına getməyi məsləhət görərmi?
İkincisi, hamilə məktəbli qızı düşdüyü ruhi durumdan çıxara bilən psixoloqumuz varmı?
Üçüncüsü, tutaq ki, həkimlər yığışıb şagirdi düşdüyü durumdan çıxardılar, bəs olay haqda onun valideynləri xəbər tutmalıdımı?
Dördüncüsü, şagird öz durumunu namus mücəssəməsi olan atasına və əlibıçaqlı qardaşına necə başa salmalıdı?
Beşincisi, niyə abort eləməzdən əvvəl qızla cinsi əlaqədə olan kişini tapıb, bir ata kimi onun da razılığını almırlar?
Altıncısı, şagird doğurdan da zorlanıbsa, niyə zorlayanı tapmaq əvəzinə, onun cinayət əməli abortla ört-basdır edilir?
Yeddincisi, abort olunmazsa, cəmiyyətimiz erkən ana olan qadını necə qarşılayar?
Səkkizincisi, doqquzuncusu, on doqquzuncusu...

Ateist Sovet hökməti dağılandan Azərbaycanda qız uşağının doğulmasını istəyənlərin sayı kəskin azalıb. Bu da təbii ki, doğulan qız uşaqlarını diri-diri basdıran ərəbin gətirdiyi dinlə çox bağlıdı. Tarixin heç bir dönəmində biz türklərin qız uşaqlarına, yaxud ümumilikdə qadına qarşı hörmətsizliyə rast gəlinmir. Ancaq bu gün ana bətnində olan körpənin ultrasəs müayinəsi (USM) vasitəsilə cinsini müəyyən eləyərək aborta qərar verirlər. Deməzsənmi, Azərbaycanda doğmaqdan xəbəri olmayan atalar var ki, dünyaya qız uşağı yox, yalnız oğlan uşağı gətirmək istəyir! Qız uşağı bunun üçün problemdi! Birdən qız böyüyər, atasının sözünə baxmaz, sevdiyi bir oğlana meyllənər, yaxud elə sevdiyinə ərə gedər, onda bunun papağı yerə girər! Ona görə, qızı elə ana bətnindəcə doğramaq lazımdı! Hətta, qız uşağı dünyaya gətirən ananı boşayanlar var. Bu beynipozuqların xəbəri yoxdu ki, ana bətninə düşən dölün cinsi sırf kişinin toxumundan asılıdı. Yəni, elm sübut edir ki, ana bətnində qız, yaxud oğlan uşağının əmələ gəlməsini kişinin xromosomu həll edir.

Mən başa düşmürəm, bəyəm, bu kəskin namuslu kişilərin oğlu böyüyəndə qızla ailə qurmayacaq? Hamının oğlu olsa, vəziyyət necə olar? Olmaya, həmin atalar öz oğlunu oğlanla evləndirmək istəyir? Bəs, hamı öz qızını ana bətnində boğsa bu məlun kişilər kimi özünə gəlin eləycək?

Bu gün də “səhvən doğulmuş” qız uşaqlarını okulun 4-cü sinfidən çıxarıb, ev dustağı eləyən atalar var. Özü də lap çoxdur! Bu nə deməkdi? Olmaya, qızı orta məktəbdə, ali məktəbdə oxuyan kişiləri namussuz sayırsınız? Qız uşağını ev dustağı eləmək biz türklərdə haçandan namus olub?

Statistika göstərir ki, bu gün Azərbaycanda qız uşaqlarının sayı oğlanlarla müqayisədə kəskin azalmaqdadı. Qız uşaqlarının ana bətnində kütləvi qətli gedir. Bunun, doğulan körpəni diri-diri torpağa gömməkdən heç bir fərqi yoxdu.

Murad Köhnəqala
Azvision.az
üçün



Teqlər:





Xəbər lenti