Regional peşə tədrisi mərkəzlərinin sayı 10-a çatdırılacaq

Regional peşə tədrisi mərkəzlərinin sayı 10-a çatdırılacaq
  03 Noyabr 2018    Oxunub:3174
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az-a verilən məlumata görə, strategiyada bu istiqamətdə müəyyən edilən hədəflər sırasında 2019–2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan aktiv məşğulluq tədbirlərindən biri də işaxtaran və işsiz vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasıdır. Hazırda Bakı, Göyçay və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir ki, onlar yalnız yerləşdikləri rayon və ya şəhərin deyil, ətraf rayonlardan olan işaxtaran və işsiz vətəndaşların da yeni peşələrə yiyələnmələrində əhəmiyyətli rol oynayırlar. Həmin müəssisəələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, Gəncə şəhərində də yeni Regional Peşə Tədrisi Mərkəzi yaradılıb.

Ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi, onların sayının artırılması işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi işlərinin daha geniş miqyasda davam etdirilməsinə imkan yaradacaq.

Azvision.az


Teqlər: ƏƏSMN   Peşə   Təhsil  





Xəbər lenti