Azərbaycanda 263 mindən çox şəkər xəstəsi var

Azərbaycanda 263 mindən çox şəkər xəstəsi var
  12 Noyabr 2018    Oxunub:3784
"Şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı ildən-ilə artır. 2017-ci ilin dekabrında Azərbaycanda 243 min xəstə qeydiyyatda olub. 2018-ci ilin 8 ayı üzrə isə bu rəqəm 263057 nəfərə çatıb"
Azvision.az xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek bildirib. Onun sözlərinə görə, cari ilin 8 ayı üzrə şəkərli diabet xəstələrinin 1654 nəfəri uşaq olub.

"Uşaqların yalnız 20 nəfəri II tip, qalanları isə I tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün uşaqların sayı 600-dən çoxdur. Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı 12-15 faiz artır".

Uşaqlar arasında şəkərli diabetin I tipin daha geniş yayıldığını deyən direktor müavini qeyd edib ki, onlarda bu xəstəlik kəskin şəkildə başlayır. "Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda, bəzən koma vəziyyətində xəstəxanaya çatdırırlar".

B.Salek, həmçinin bildirib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər yanaşı xəstəlikləri ağırlaşdırır. Belə ki, şəkərli diabet insult, infarkt, böyrək çatışmazlığı və bu kimi xəstlikləri yaradaraq insan ölümünə səbəb ola bilir.

"Uşaqlar arasında şəkərli diabetin yayılmasının etiologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Nisbətən yaxşlı insanlarda alkoqol, hipodinamiya - hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur".

Aytən Zəhra
Azvision.az



Teqlər: Diabet   Xəstəlik  





Xəbər lenti