Təhsil Şöbəsi FHN-ni təkzib etdi: “Yanan məktəbdə şagird olmayıb”

Təhsil Şöbəsi FHN-ni təkzib etdi:  “Yanan məktəbdə şagird olmayıb”
  13 Noyabr 2018    Oxunub:3335
Füzuli Rayon Təhsil Şöbəsi bu gün orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

Təhsil Şöbəsindən Azvision.az-a bildirilib ki, noyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın olub.
Binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıblar.

Qeyd olunub ki, yanğın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar: "Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb”.

Təhsil Şöbəsinin əksinə olaraq Fövqəladə Hall Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib ki, yanğın zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Yanğın  





Xəbər lenti