Gündəmdən qaytana - Murad Köhnəqala yazır

 Gündəmdən qaytana -  Murad Köhnəqala yazır
  22 Noyabr 2018    Oxunub:6057
Ötən həftənin içərisində yağlı gündəm rolunu oynamış iki olay haqda çatdırıb yaza bilmədim. Başım açılanda bir də baxdım ki, millət cinçıxarma və Abel-Şeyxulislam əhvalatından nəyi var yazıb, mövzunu didik-didik eləyiblər. Gündəmə gecikəndə belə olur, sənə xırda-xuruş əhvalatlar qalır.
Amma, etiraf edim ki, ortalıqda dimdiklənən gündəm mövzularından yazmağı o qədər də sevmirəm. Namxuda, bu işin öhtəsindən layiqincə gələnlər çoxdur. Ona görə, sükanı sola döndərirəm.

Mən rusların Birinci Kanal televiziyasında yayımlanan “Что? Где? Когда?” proyektinin daimi izləyicisiyəm. Özü də bu nəhəng proyektin təkcə Rusiya versiyasına yox, Azərbaycan, Belarus, Ukrayna versiyalarına da baxıram. Yaxınlarda Ukrayna verlişində məşhur rus yazıçısı, həkim Anton Pavloviç Çexov haqda bir sual gəlmişdi. Bilicilər sualın cavabını asanlıqla tapsalar da, mənə olduqca maraqlı göründü.

Demək, yazıçı-həkim daim ona bel ağrılarından şikayət eləyən tənbəl bir zadəgan dostunun qadın qulluqçusuna belə bir tapşırıq verir: “Sən hər səhər kişinin ev başmaqlarını, otağı silib-təmizləmək adı ilə, onun yatağının altına itələ və başmaqları çıxarmaq üçün səni nə qədər çağırsa da, getmə. De ki, həkim belə buyurub”. Bu yolla doktor Çexov öz dostunu çarpayının altına girib, başmaqlarını oradan çıxarmasına, tənbəlliyin sıfır nöqtəsindən hərəkətə gəlməsinə çalışıbmış.

Çox maraqlıdır, ötən ilin təxminən bu vaxtları olardı, özümə bir cüt qışlıq gödək çəkmə almaq istəyirdim. Ona görə gözüm hər dəfə ayaqqabı dükanı axtarırdı. Bir gün yolum oğlumun təhsil aldığı Bakı İdarəetmə və Texnologiya Kollecinə tərəf düşdü. Geri, Nərimanov metrosuna qayıdanda gözüm yol kənarındakı ayaqqabı mağazasına sataşdı. Oğlum dedi, burdakı satıcı dayı Gədəbəy rayonundandır, səni də qiyabi tanıyır. Üstümdə ayaqqabıpulum var idi, ürəklə mağazaya girdim. Satıcı məni xoş üzlə qarşıladı. Baxdım ki, seçim üçün burda xeyli çeşiddə ayaqqabı var. Nə isə, çəkmələrdən birini seçib bəyəndim, ancaq üstü qaytanlı idi. Satıcıya dedim, bu, çox gözəl modeldir, heyif ki, qaytanlıdır. Gədəbəyli qardaş bu fikrimə görə məni qınayaraq söylədi ki, sən nə danışırsan, qaytanlı ayaqqabıdan gözəli varmı? Dedim, o nə üçün? Dedi, a kişi, bu böyüklükdə oğlun var, yaşlı adamlarıq, bu ayaqqabılar səni gün ərzində ən azı üç-dörd dəfə əyilib-qalxmağa vadar edəcək. Bunun özü bir idman deyilmi?

Sonra da öz ayağındakı qaytanlı ayaqqabıları göstərib, gülümsünərək, əlavə elədi: Ayə, mən bu bu saat bu qaytanları açıb-bağlamaqdan ötəri ölürəm. Və arxasınca üstümə təpindi: davay, pulunu say, ayaqqabını götür! Gədəbəyli qardaşın bu sözlərindən sonra qaytanlı ayaqqabılara olan fikrim tamam dəyişdi və mən həvəslə ayaqqabının pulunu verib götürdüm. Bu söhbətdən sonra hər dəfə əyilib ayaqqabımın qaytanlarını bərkidəndə gədəbəyli satıcının gülümsər sifəti gözlərimin qarşısına gəlir və onu xoş duyğularla anıram.

Son vaxtlar qaytanlı ayaqqabılara diqqətim artıb. Baxıram ki, avropadan gələn ayaqqabıların əksəriyəti qaytanla bağlanır. Qaytanlı ayaqqabı ilə qaytansızın fərqi, eynilə taxta və plastik qapı-pəncərələr arasındakı fərq kimidi. Plastik qapı-pəncərələr hava buraxmır, otaqda nəmişlik yaradır, hava sirkulyasiyasının qarşısını alır. Taxtadan düzəldilənlər isə həm otağı isti saxlaya bilir, həm də təmiz hava sızdırmaq qabiliyətinə malik olur. Eləcə də ayaqqabılar. Rezinlə bərkidilmiş ayaqqabılar adamın ayağını içəridə boğur, havasız saxlayır. Qaytanla bağlanan ayaqqabılar isə qaytan olan yerlərdən daima hava udub-buraxa bilir.

Yadınızdadırsa, sovet dövründə liftsiz beşmərtəbəli binalar inşa edilirdi. O vaxtın qocası, cavanı üçün gündə bir neçə dəfə beşinci mərtəbəyə qalxıb enmək adi hal sayılırdı.

Qaytanlı ayaqqabı ticarəti ilə məşğul olanlar biraz görüm-baxım eləsəydilər mallarını daha tutarlı tərifləyərdim. (İmkanınız varsa, axırıncı cümləmin sonunda bir gülüş smayliki təsəvvür eləyin.)

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti