Saxta diplomlarla bağlı 10-a yaxın fakt aşkarlanıb

 Saxta diplomlarla bağlı 10-a yaxın fakt aşkarlanıb
  19 Dekabr 2018    Oxunub:14726
“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma çatdırılması üçün işlər görülür.

Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, tələb olunan sənədlər düzgün şəkildə təqdim edildikdə əlavə vaxt itirilməyəcək: “Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi daha rahatdır. Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları və s. barədə bizdə məlumat var. Eyni zamanda, məzunların siyahısı rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür. Xaricdə təhsil alınan ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı bizə daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur. Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır”.

H.Həsənli qeyd edib ki, diplomları tanınmaması halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur. “Saxta təhsil sənədi verənlər insanlar arasında “diplom fabriki” kimi tanınır. Bu kimi yerlərin sayı ölkələr üzrə mövcuddur. Onları təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da çoxluq təşkil etmir. Böyük əksəriyyət akkreditasiyası olan rəsmi diplom verən universitetlərdir. Əgər kimsə ölkəni tərk etmədən xaricdən əyani təhsil üzrə diplom alıbsa, bu, problemdir. Elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara demək olar ki, rast gəlinmir. Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”.

H.Həsənli qeyd edib ki, müraciətlər arasında bakalavr səviyyəsi üzrə təhsil sənədlərinin tanınması üstünlük təşkil edir. “İdarəyə hər hansı qurum rəhbərliyi tərəfindən çox sayda müraciət də daxil olur ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu problemlidir. Bəli, biz rəy veririk ki, diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır. Amma təbii ki, dövlət qurumlarında bu, mümkün deyil, çünki onlar işə qəbul zamanı imtahan və ya hər hansı mərhələdən keçilər. Bu zamanda mütləq şəkildə diplom tələb olunur. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir. Dövlət nümunəli təhsil sənədi olan və sonra həmin universitet bağlanıbsa belə həmin şəxs xaricdə təhsil ala bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TəhsilNazirliyi  





Xəbər lenti