Oğlu içəridə olan ananın günü - Bəhram Çələbi yazır

   Oğlu içəridə olan ananın günü -    Bəhram Çələbi yazır
  25 Dekabr 2018    Oxunub:11785
Bəhram Çələbi
Azvision.az üçün

Səma buludsuz idi, günəşdən yerə od ələnirdi. Əlindəki iki ağır zənbili çətinliklə aparan orta yaşlarında kişi yükünü səkinin kənarında dayanmış «Volqa»nın yanına qoyub, dərindən nəfəs aldı, qaraşın sifətindən yuvarlanan iri tər damcıları zənbilin üstünə damırdı. O, tərini silmədi, bilirdi ki, havayı zəhmətdir, hədər işdir, damcıları silən kimi başqa puçurlar peyda olacaq.
Kişi qanrılıb matdım-matdım qol-boyun olub, üzlərini bir-birinə söykəyərək gedən sarışın qızla qara, qıvrımsaç oğlana baxan on üç-on dörd yaşlı yeniyetməni səslədi:
– Ay Fikrət, gəl, ay oğul, avtobusa gecikərik.
Uşağın əlində içərisində iri bir qarpız olan tor zənbil vardı. Onun da boyun-boğazı tər içində idi, yarımqol köynəyi islanıb bədəninə yapışmışdı.
– Əmi, mənə marojna al də, – uşaq yanından ötən qısa yubkalı qızın dilini çıxararaq, dondurmanı necə iştahla yaladığını görcək, yalvarışlı səslə dilləndi.
– Gedək, böyük qaqaşı görək, qayıdan baş pulumuz qalarsa, alaram, oğul, – deyən kişi şalvarının cibindən çıxardığı dəsmalla uşağın alnını, üzünü silə-silə astadan pıçıldadı.

Dondurmanı dili ilə yalayan qıza «Volqa»ya söykənib papiros sümürən hündürboy, 45-50 yaşlarında bir kişi də istehza dolu təbəssümlə tamaşa edir, nazik barmaqlarıyla maşının kapotunu onun şpilka dabanlı çəkmələrinin taqqıltısına uyğun səslə döyəcləyirdi. Zənbilli kişi nə qədər astadan pıçıldasa da, «pulumuz qalarsa» sözünü qulaqları alan «Volqa»nın sahibi:
– Alə, karanoy! – barmaqları ilə bir neçə dəfə çırtıq çalıb, qazlı su satılan budkadan çirkli, üstü müxtəlif rəngli sirop ləkələri ilə dolu olan ağ xələtli oğlanı səslədi, – İki dənə ən yaxşı marojnadan gətirginən! – amiranə tərzdə sifariş verdi.

“Qospodin Nadir”

– Buyur, Qospodin, – dondurma satan pərəstiş dolu nəzərlərini Nadirin bir qədər qapalı, bulanıq gözlərinə zilləyib gülümsədi, – Qonağım ol.
Qospodin cibindən bir dəstə əzik-üzük pul çıxardısa da, manatlıq tapmayıb, üçlük əskinazı satıcının xələtinin cibinə dürtdü.
– Apar, bunları o uşağa verginən! Deginən, Qospodin qonaq eliyir, – Nadir cümləsini tamamlayıb, barmağı ilə avtobus dayanacağına tərəf irəliləyən kişi ilə yeniyetməni göstərdi.
Satıcı yüyürərək, Nadirin əmrini yerinə yetirdi, tövşüyə-tövşüyə qayıdıb tərli ovcunda sıxdığı iki manatlığı ona uzatdı.
– Söyürsən məni, bacıoğlu? Mən hələ ömrümdə kimsədən sdaçi götürməmişəm, – Qospodin satıcının əlini yana itələyərək sözünə davam etdi, – Rəmiş demişkən, bahalı oğlanlar bir-iki manata əl uzatmırlar. Sən Restoran İmranı tanıyırsan? Bahalı İmranı deyirəm.
Satıcı gözlərini qıyaraq:
– Ağdamlı İmranı deyirsən? – soruşdu.
– Başqa Bahalı İmran da var? Dediyim Ağdamlı İmran həddindən çox bahalıdır, – Nadir gülərək cibindən çıxardığı «Kazbek»in müştüyünü üfürüb iki yerini əzdikdən sonra yandırdı və ərkyana satıcı oğlana dedi:
– Gözdə-qulaqda ol, İmran bura gəlsə, de ki, Nadir bonq, «şokolad» dalınca getdi, yarım saata qayıdacaq. Tələsirsə, əmanəti sənə versin. İnanmasa, mənim üzüyümü ona göstərərsən. Yarım saata burdayam.
O, sözünü bitirib, barmağındakı iri qızıl peçatkanı çıxartdı, satıcının üstünə tulladı.

Qospodin bir saatdan sonra qayıtdı. «Volqa»nı avtobus dayanacağında toplaşan camaatın qarşısından döndərib, əvvəlki yerinə tərəf yönəltdi. Dondurmaya qonaq etdiyi yeniyetmə oturduğu kubik daşın üstündən qalxıb əlini «Hayl Hitler» tərzində irəli uzadaraq onu salamladı. Su budkasının kölgəsində dayanmış İmran tələsik maşına yaxınlaşıb, dostunun yanında əyləşdi. Qırımından görünürdü ki, nədənsə bərk narazıdır.
– Mən gedə bilmirəm, bratan. – İmran hər cibindən bir 25-lik bağlaması çıxartdı, üstünə də Nadirin üzüyünü qoyaraq: – Hələlik bunu ötür Dağlı Baləliyə. Dağlı kentimə çatdır ki, «kenaf» da tapmamışam. Getməyə vaxtım olmayıb. Sənə yaxşı yol.
– Alə, bəs buradan Xələcə qədər tək gedim?
– Tək niyə? Avtobus dayanacağına sür, gözünə xoş gələnlərdən iki-üçünü oturt maşına. Dədənə böyük rəhmət qazanarsan. Mən həmişə belə eliyirəm, – İmran maşından düşüb, «Gənclik» mehmanxanasına tərəf addımladı.

Nadir «Volqa»nı yerindən elə sürətlə götürdü ki, arxa şinlər asfalt üzərinə iki qara, paralel xətt çəkdi. Dövrə vurub, Xələcə gedən avtobusun dayandığı yerdə saxladı, başını pəncərədən çıxarıb qışqırdı:
– Xələc türməsinə kim gedirsə, bir göy beşlik hazırlasın, – heç kimin tərpənmədiyini görüb Fikrətə müraciətlə: «Alə, balaca, keç əyləş, səni havayı aparıram», – dedi və maşından düşüb kubik daşın üzərində əyləşərək siqaret çəkən qarının qarşısında çömbəltmə oturdu. – Ana, sən də Xələcə gedirsən?
Qarının laqeyd baxışları Qospodinin üzünə zilləndi, siqaretindən bir qullab da vurub:
– Sən Dağlı Qədirin qərdeşi Nadir dögülsən? Qədir məni də, oğlum Balağanı da yaxşı tanıyır. Xələc türməsini tikdirənin atabaatasının goruna ...! – Qarı dişsiz damağına yapışmış tütünü barmağı ilə silib, hirsindən çənəsini əsdirə-əsdirə dilləndi. – Nə marşrutu marşrutdu, nə də yolu yol. Gündə cəmi bir sınıq-salxaq avtobus verirlər, o da yarı yolda xarəb olur. Oğlum Balağanın canıyçun, bilərəkdən belənçik eliyirlər ki, camaat əziyyət çəksün. Xələcə gedib qayıdanacan itin əzabını çəkirəm. Uşağa yarpaq dolması bişirmişdim, yəqin, bu istidə turşumuş olıcey... Düz üç saatdu oturmuşam günün altında. Bir gəlib deyən yoxdur, avtobus olıcey, yoxsa yox. Ətağa, verələr o avtobazanın naçalnikini mənə, dırnaqlarımla parçalaram.
– Zənbillərün hansılardu, ana? – Qospodin qarının söyüşündən ləzzət alıbmış kimi səssizcə güldü. – Hansıdu zənbilün?
Qarı başının hərəkətiylə üstü yamaqlı Lənkəran zənbilini və özünün kisədən düzəltdiyi çantanı göstərdi.
Nadir zənbili azacıq qaldırıb tezcə də yerinə qoydu və gülməkdən uğunaraq əlini bir neçə dəfə döşünə çırpdı:
– Rəhmətliyün nəvəsi, bunun içinə daş-kərpic doldurmusan, nədü? Anacan, bunları ostanovkayacan necə daşımısan?
- Vallah, elə ki oğlumun görüşünə yollanıram, Xuda tərəfindən mənə ruzi də yetirilir, güc də gəlir, – qarı yerə saldığı siqaret kötüyünü ayaqqabısı ilə əzərək dilləndi. – Aman-zaman bircə oğlum var. Düz dörd kərəmdü, düşüb-çıxıb. Bu, beşincisidü. İyirmi üç ildir, türmələr yolçusuyam. Öyrəncəliyəm, Qədirin qərdəşi.
Qadın meşok-zənbildən ikiəlli yapışıb, qucağına qaldırdı, qundaq aparırmış kimi ehtiyatlı addımlarla irəlilədi. Lənkəran zənbilini isə Fikrət maşının yanına gətirdi, yük yerini açıb hamısını yerbəyer elədi.

Fikrət qabaqda əyləşmişdi və maşın şəhərdən çıxanadək müxtəlif suallarla Nadiri danışdırır, hərdənbir də «Dayı, ver bir az da mən sürüm» deməklə arxada oturan əmisi Habili hirsləndirirdi.
Qospodin:
– Mən də on beş-on altı yaşlarımdan maşın sürməyə başlamışam, – dedi. – Sabirabadda olsaydıq, can-başla verərdim rulu sənin ixtiyaruva. Bura Bakıdır, balası, «za rulyom» oturanların hamısı da «adskie voditeli», heç on metr sürməzsən, vurarlar səni. Sən vurmazsan ey, səni vurarlar, – Nadir arxaya qanrılıb mürgü döyən qarını səslədi. – Ana, bəs sənün könlündən nə keçir? Qabaqda, yolun qırağında çayxana var, bəlkə adama yüz əlli qram qaynar çay gillədək?

Qarı arxaya çevrilərək, gözlərini ona zilləmiş Fikrətə xitabən titrək səslə söylədi:
– Yüz əllinin adını eşidəndə başıma elə bil bir qazan qaynar su tökürlər, oğul, – pəncərədən içəri dolan isti küləyin oynatdığı çal saçlarını üzündən kənara sığallayıb, ağlamsınmış səslə davam etdi. – Tifilimin atası rəhmətlik də sənin kimi şofer idi. Rəhmətlik şipaç Lətif həmişə deyərdi ki, Adskoy Kamal «ZİL»in kabinkasında elə şəstlə oturur, deyərsən, Qaqarin «Vosxod»un barankasının dalında əyləşib. Oğlum Balağanın on iki yaşı tamam olan gün avariyaya düşüb öldü. Dedilər ki, guya içkili olub. Üstündən iki il ötməmiş oğlum detkolona düşdü. O da qonşunun uşağını bıçaqlayanda lül-qənbər olubmuş. Detkolondan qayıdanda tamam başqa uşaq idi, atası kimi krutoy. Türmə insanları islah eləmir, ay Qədirin qərdəşi, naoborot, onları ac, hirsli canavara döndərir. İndi bir ayağım burdadır, o birisi Moskvada. Bu qoca vaxtımda provadnitsa işləyir, alver eliyirəm. Sutkalarla yuxulamıram, ürəyim istəyəni yemir, könlümcən olanı geymirəm. Yığıb-yığışdırdığımı həftədə bir kərəm Baloğlan, onun türmə qərdəşləriyçün ayın-oyun alıb aparıram Xələcə.

“Volqa” asfalt yoldan çıxıb, toz dumanı qaldıraraq, hər an uçmağa hazır kimi görünən daxmaya bənzər çayxananın qarşısında dayandı. Maşındakılar tökülüb, söyüd ağacı altında quraşdırılan, üstündə bulaşıq nimçələr, qarpız, yemiş qabıqları tökülmüş və çoxlu çibin vızıldaşan stolun ətrafına toplaşdılar. Çayxanadan əyninə döşəmə silən əsgini xatırladan cırıq-cındır, çirkli xələt geymiş yöndəmsiz kök bir kişi çıxıb, ayaqlarını sürüyə-sürüyə dəstəyə yaxınlaşdı:
– Xoş gəlmisən, Qospodin! – üzündə sevinc təbəs-sümü oynayan çayçı bas səslə dilləndi. – Əntiqə, quzu ətindən düşbərəmiz var. Yarım saat əvvəl Kubinkadan uşaqlar oturmuşdular burada, adambaşına iki porsiya həzm-rabedən keçirtdilər, yamanca xoşlarına gəlmişdi, – üzünü daxmaya sarı çevirib – Karina! Karina! – deyib çığırdı.

Kahadan 30-35 yaşlarında hündürboy, dolu bədənli bir qadın çıxdı, gözlərini ovuşdura-ovuşdura yaxınlaşıb dilucu salam verdi.
– Ağəz, «Muğan» qostinasını buraya dəyişmisən? – Nadir gözlərini qıyıb təəccüb dolu nəzərlərlə stolun üstündəki qabları yığışdıran qadından soruşdu. – Maşallah, yaxşıca kökəlmisən, Karinka.
Karinanın «Muğan» mehmanxanasında mərtəbə nəzarətçisi işlədiyi zaman Zinakər Zinka ilə birlikdə «dodik»ləri həm mənəvi, həm də maddi cəhətdən soyduqlarını və bu iş üstündə oradan qovulduğunu Qospodin bilsə də, Maştaqinski Ələsgərin yanında boşqab yuduğundan xəbərsiz idi. Deyəsən, təpik ancaq Karinaya dəymişdi, çünki Zinka hələ də mehmanxanada «şmon»unu davam etdirirdi. O vaxtlar nərmə-nazikliyi ilə seçilən Karina bir il müddətinə xeyli ətə-qana dolmuşdu.
– Ələsgərin yanında işləyən kökələr də, – Karinanın sifətini yaltaqcasına bir təbəssüm bürüdü.
– Bəs qazancun necədü? Ələsgərün yanında əvvəlki altuşkilərin heç yarısını...
Karina Nadirə sözünü tamamlamağa imkan vermədi:
– Türmədən zakazlarım olur, bir qazan qaraciyər-içalat bişirib, özümü verirəm Xələcə. Uşaqlarımın yeməyinə də bəs eləyir, özümün ənlik-kirşanıma da.
Qospodin:
– Həm ziyarət, həm ticarət? – rişxəndlə soruşdu.
– Türmədəkilər bəyəm keşiş-zaddular? Dünən «Ovod» kinosunu göstərirdilər… Hətta müqəddəs ata Montanelli də qadınsız yaşamağı bacarmayıb, – Karina süni utancaqlıqla baxışlarını aşağı dikib, ovuclarıyla üzünü qapadı. – Elə yoruluram ki, səhəri gün qayıdıb günortayacan yuxulayıram. Düzdür, toz-torpaq içində yaşayıram, amma...
– Amma qazancun «Muğan»dakından da çox olur?
– Həri. «Kolıma»dakı mentlər, qaponlar, vertuxalar didişdirməsələr, lap dördqat artıq qazanaram. Onların da ağzına bir şey atmalıyam axı. – Yanında oturub, stəkanlara çay süzən müdirinin boynunu ehmalca qucaqlayıb, qalın, göyərmiş dodaqlarını onun qulağına toxundurdu, – Ələsgər də məni burada havayı saxlamır. Bişirir-düşürür, türmənin xozeyini, rejimniki, kumu, svorasıyla «bazarı» o aparır. Əyin-başının cır-cındırına baxma, mən gələndən sonra milyoner olub, milyoner! – deyərək, gözlərini qıydı və qəflətən çayçının ətli üzünü barmaqları arasına alaraq sıxdı, – İstəyirəm, bir az forinti toplayıb, özümü verəm Moskvaya. Bu yaxınlarda «Yujnı»da mərtəbə nəzarətçisi işləyən Rozalinanı görmüşəm. Moskvada «Beryozka»da, Yuliya Kalinanın yanında barıqalıq eliyir. Şikarnı yaşıyır. Qospodin, siz çayıvuzu içənəcən mən də şmotkamı dəyişim. Bu gün zakazım xirtdəyəcəndü. Sənün teleqanda (maşın) gedəcəm.

Karina ayağa qalxıb, yüyürə-yüyürə daxmaya tərəf götürüldü və on dəqiqədən sonra üstü çəhrayı çiçək basmalı şifon donda, pomadalı-pudralı halətdə astanada göründü. Ələsgər artıq iki iri qazanı tor zənbildə rahat-layıb əlində saxlamışdı.
– Dünən Rəmiş qrev aparırdı, onunla getmişdim, – Karina barmaqlarının ucu ilə burnunun kənarlarını, qulaqlarının dibini sığallaya-sığallaya «Volqa»ya yaxın-laşdı. – Yaman yüngül ayağı var, həmişə onunla gedəndə gecəm dava-şavasız, xata-balasız ötüşür, kalan kuşla qayıdıram. Qospodin, görey sənin ayağuvun sayası necədü?
– Ayağım lap quş tükü kimi yüngüldü, Feyoçka moya, gəl əyləş qabaqda, arxada otursan, üstüvə səpələdiyün «Krasnaya Moskva»nın ətri Habil qərdəşimə, qarı nənəmizə hopuşar…

...Xələc qazamatının qarşısındakı balaca meydançada bir «Moskviç», beş-altı da adam vardı. Habil kişi həmişəki kimi bir manatı verərək ərizə yazdırdı və qapının yanındakı dəmir skamyada oturan nadzora uzatdı. Onlarla gələn qarı çoxdankı tanış kimi milislə söhbət edir, Balağa haqqında suallar verir, zənbillərini içəri daşıyırdı. Qospodinlə Karina isə «Volqa»ya söykənərək zarafatlaşır, hərdənbir xısın-xısın gülüşürdülər. Düşər-gədən çıxan mayor onları görən kimi tələsik addımlarla Qospodinə yaxınlaşıb bir qədər kənara çəkdikdən sonra qulağına nə isə pıçıldadı və ondan aldığı bükülünü cibinə dürtərək ürkək nəzərlərlə ətrafa boylandı. Kimsənin onlara baxmadığını yəqin edəndə can-dildən gərnəşərək yumruğunu bərk-bərk sinəsinə döyəclədi:
– Milaşka moya, indilərdə darvazanı açıb avtozakı bayıra buraxacaqlar, – mayor ehtirasla parlayan gözlərini Karinanın dik duran sinəsinə dikərək dilləndi. – Fürsəti itirmə, darvazadan içəri keç. Mən orada dayanaca-ğam. Kstati, dünən gecə sən gedəndən sonra üçüncüyə popolneniya eləmişik. Dörd nəfər noviçok var, ikisi fərsiz-vecsiz doxodyaqadır, digər cütlükdən isə yaxşıca «yun qırxmaq» olar. Əvvəlcə çalış, dazbaş «ponçik»i qarmağına keçirəsən, keçmişdə ferma müdiri olub. İşləri tamamlayandan sonra lələşivü görməyi unutmaginən. Biz də naxalyavu işləmirük, evə gedəndə arvad-uşaq əlimizə baxır. Usekla?

Qospodinlə gələn qarı sovqatını təhvil verib, qapının yanındakı dəmir skamyada bardaş quraraq oturmuşdu. Habil kişi isə hələ də içəridən çıxacaq starşinanı gözləyirdi. Nəhayət, nadzor kandarda göründü və əlini silkələyə-silkələyə danışmağa başladı.

Yırğalana-yırğalana, zarıya-zarıya gələn nimdaş avtobus danışığın yarımçıq kəsilməsinə səbəb oldu. İyirmi iki nəfərlik «PAZ»ikdən əlliyə yaxın adam töküldü və bir andaca balaca meydandakı sakitlik erməni bazarındakı qələbəliyə çevrildi. Əksəriyyət harasa tələsir, vurnuxur, qışqırır, qarğayır, söyür, ağlayırdı. Hərdənbir dəmir qapıdan bayıra çıxan nadzor ona hücum çəkən kütləni əli ilə geri itələyərək, nə isə bağırır, «mənəm» deyib irəli soxulmağa çalışan adamın yaxasından tutaraq, içəri dartırdı. Dəmir qapının yanındakı ikitaylı darvazanın yarığından içəri baxmaq istəyən məhbus qohum-əqrəbaları arasında Karinanın vücudu xüsusi koloritiylə seçilirdi. O, darvazanın açılacağı anı gözləyirdi.

Habil kişiyə Hikmətlə görüşmək müyəssər olmasa da, Qospodinin səyi sayəsində onun zənbilləri və qarpızını içəri, Dombalan Tofiqə ötürə bildilər. Balağanın anası ətrafdakı canlanmaya biganə halda qapının yanındakı dəmirdən düzəldilmiş skamyanın üstündə oturaraq gözlərini məchulluğa zilləmişdi. Nadir onu bir neçə dəfə səslədi, düşüncələrdən ayrıla bilməyən qarının hay vermədiyini görən Fikrət yüyürərək onun çiyninə toxundu:
– Nənə, şofer əmi Bakıya qayıdır.
Qospodin «Volqa»nı dal-dalı sürərək qarının qənşərində saxladı:
– Ana, sən getmək istəmirsən?
– Əlacım olsa, elə Balağanın yanındaсa qalardım, ay Qədirin qərdeşi. Ürəgim bu darvazanun içindədü. Hərdən qəmli olanda yuxumda oğlumu görürəm. Lap çağalığındakı kimi ağlayır. Səhərədək layla çalıram, dil deyib oxuyuram. Buranın havasından balamın qoxusu gəlir...

Nisgilli qarının qəlbindən qopan bu fəryad, onun küskün oturuşu, hicran dolu baxışları Fikrəti qəhərləndirdi. Qarı baxışlarını məchulluqdan ayırmayaraq sözünün davamını gətirdi:
– Sabah yenə Moskvaya gedəcəyik. Bədənim gedəcək oraya, ürəyim isə Xələcdə, bu dörd divarın içində, Balağanın yanında qalacaq.
Bir az əvvəl ağır zənbilləri asanlıqla daşıyaraq içəri aparan qarı ayaqlarından sanki daş asılıbmış kimi yeriyərək maşına əyləşdi... «Volqa» asfalt yoldan çıxıb toz-duman qaldıraraq Bakıya doğru istiqamət götürdü.



Teqlər: Həbsxana   Türmə-həyatı   Kriminal  





Xəbər lenti