Bir ayda 3 mağazanı soyan keçmiş məhkum tutuldu

  09 Yanvar 2019    Oxunub : 553
Bir ayda 3 mağazanı soyan keçmiş məhkum tutuldu
Dekabrın 30-da gecə saat 2 radələrində Şəmkir şəhərində yerləşən mağazalardan birində oğurluq hadisəsinin baş verməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mağazadan 1400 manat dəyərində tütün məmulatları, enerji içkiləri və nağd pul oğurlanıb.

Həyata keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, M.Həsənov bir nəfər yeniyetmə ilə birlikdə ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyalar oğurlayıblar.

M.Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib. Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Azvision.az

Teqlər: DİN   oğurluq