Polislər şagirdlərlə 2000-dən çox görüş keçirib

Polislər şagirdlərlə 2000-dən çox görüş keçirib
  14 Yanvar 2019    Oxunub:2200
​Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, ötən il bu istiqamətdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ərazi polis orqanlarının təşkilatçılığı ilə təhsil müəssisələrində və əmək kollektivlərində iki mindən çox görüş keçirilib. Həmin görüşlərdə tam orta məktəblərin 85 mindən çox yuxarı sinif şagirdi iştirak edib. ​​Tədbirlərdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və bu kimi digər zərərli meyillərdən uzaqlaşdırılması barədə danışılıb. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyət düşdüyü vurğulanıb.

​​DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, şəhər-rayon polis və icra orqanlarının ,Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, VVAQ şöbələrinin məsul əməkdaşları, narkoloq-həkimlər və psixoloqlar, pedaqoji heyət yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat”, yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və cinsi istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması barədə “Erkən nigahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu”, həmçinin “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında çıxışlar ediblər, törədilən hüquqpozmaların fəsadları barədə məlumatlar veriblər.

Davamlı olaraq keçirilən maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığı diqqətə çatdırılıb. Bu cür görüşlərin keçirilməsində əsas məqsədin cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etmək olduğu qeyd olunub.
Erkən nikahın səbəbləri, nəticələri mövzusunda çıxışlarda ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışılıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilib.

​Tədbirlərdə tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğu iştirakçıların nəzərinə çatdırılıb, dini radikalizmlə bağlı məlumat verilib, dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı bildirilib.

​Müzakirələrdə məktəbliləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, mövzularla bağlı videoçarxlar nümayiş etdirilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti