Başı yaylıqlı şair - Murad Köhnəqala yazır

  25 Yanvar 2019    Oxunub : 2497
 Başı yaylıqlı şair - Murad Köhnəqala yazır
Sosial şəbəkələrdə on il əvvəl ilə indini müqayisə edən foto kampaniyası trendə çevrilib. Feysbuk bu gün mənə on il əvvəl yazdığım bir yazını xatırlatdı. Düşündüm ki, qoy, bu yazı da mənim “#10YearsChallenge”m olsun. Yazı hamımızın tanıdığı, hazırda həyatda olmayan o qəribə adam Bəşir Kəsərli haqdadı. Şair Bəşir Kəsərlinin on il əvvəlki portretini gözünüzün qarşısına gətirmək istəsəniz, bu yazını oxuya bilərsiniz.
Metro ilə gedib-gələnlər yəqin bildilər, söhbət kimdən gedir. Bu kişi şair Bəşir Kəsərlidir. Mən onun kitabını alıb oxumuşam. Xüsusi olaraq böyük istedad sahibi deyil, ancaq onun müəllifi olduğu kitabları satması adamda mütləq maraq doğurur. Metro vaqonlarına girən kimi şivən qoparan, yedəkdə gəzən korlar, kəsik qolunu, qıçını camaata göstərən şikəstlər ortaya elə qaramat ab-hava gətirir ki, adam uzun müddət öz ruhi müvazinətini nizamlaya bilmir. Ancaq Bəşir Kəsərli vaqona girən kimi hamının üzündə təbəssüm əmələ gəlir. Dəxli yoxdur, bu təbəssüm ironik də ola bilir, hər halda, xoş ovqat yaranır.

Bəşir kişi çox vaxt içəridəkiləri danlayır da: “Ay əli qəzet-kitab görməyən bədbəxt xalqım, alın şeir oxuyun, mənim kitablarımı bəyənmirsənsə, ayrı kitab al oxu, heç olmasa qəzet oxu, ay yazıq millət!”

Fikir vermişəm, o içəri girəndə azəri xalqının telefonla oynayan gəncləri bir az özlərini yığışdırırlar. Çox görmüşəm, hərdən belə cavanların yanında dayanıb inqilab eləyir: “Ay oğul, o telefon danışmaq üçündür, vaxtını oradakı siçan-pişik oyunlarına sərf eləmə, qorxma, əlinə bircə dəfə kitab al, oxu, sonra yavaş-yavaş oxumağa vərdiş edəcəksən. Get bir dənə bədii kitab al, oxu!” Aralanandan sonra başını bulaya-bulaya deyir: “Bu telefonlara oyun qoyanların Allah öyünü yıxsın!”

Fikir ver, telefon çıxarana söyüb qarğımır. Çünki bu adam tərəqqinin tərəfindədir. Axmaq oyunları söyür. Nə başınızı ağrıdım, o, vaqona girən kimi sarsaq adamlardan mənim də heyfimi alır. Tanıyanlar bilir, şəhərdə ən kəskin aksiyanı Bəşir Kəsərli təkbaşına keçirirdi. Başına qadın yaylığı bağlayıb gəzirdi. Mənası da bu idi: nə qədər ki, Qarabağ düşmən əlindədir, nə qədər ki, sülhdən danışırıq, bizdən kişi çıxmaz. Başında yaylıq metroya girəndə belə bir mənalı cümlə deyirdi: “Qeyrətli xalqın qeyrətsiz oğluyam!”

Bəşir özünün bu “qeyrət aksiyasına” təzə başladığı vaxtlarda şəhərdə tez-tez polislər onu tutub şöbəyə aparırmış. Yəqin, şöbə rəisləri ondan soruşurmuş ki, ölkədəki atəşkəsi nöş pozursan. Yəqin, Bəşir də belə deyirmiş: “A kişi, baş mənim deyil, papaq qoymuram, yaylıq bağlayıram. Mən biqeyrətəm. Sizin qanunlarda qeyrətlə bağlı maddə yoxdur ki?! Ay sağ ol, onda burax məni, çıxım gedim!”

Çox vaxt polis Bəşirin yaylığını zorla başından açıb müsadirə edirmiş. Bəşir də gedib mağazadan təzə yaylıq alırmış. O, hərdən başındakı yaylığın üstündən “Qarabağ” yazılmış lent də bağlayır.

O, məni tanımasa da, mən onu lap çoxdan tanıyıram, 80-ci illərdən. Hərdən şairlərin yığıldığı yerə gəlib, öz şerlərini oxuyardı. Düzü, o vaxtlar Bəşir Kəsərli mənə dəli adam təsiri bağışlamışdı. Ona ironiya eləyənlərə həmişə kəskin cavab verərdi. Onun “Kəsərli” təxəllüsü bəzilərində gülüş doğururdu. Ancaq o, heç vaxt maraqsız görünmürdü. Uşaq kimi sadəlövhlüyü və daxili saflığı bu cüvəllağı cəmiyyətdə onu tez-tez gülməli vəziyyətə salırdı. Bir vaxtlar o, cəld addımlarla yeriyən qıvraq bir adam idi. Son vaxtlar onu vaqonlarda gəzərkən əlinə əsa aldığını görürəm. O, gəzəndə əsaya söykənməsə də ürəyimdə fikirləşirəm ki, deyəsən, Bəşir Kəsərli də qocalmaq istəyir.

Bir dəfə Bəşir vaqonda mənə utanc gətirən bir mənzərə yaratdı. Demək, hər dəfə olduğu kimi, əlində kitablar özünü içəri atdı: “Ay mənim kitab oxumayan kitabsız millətim! Kitab alıb oxuyun! Gözəl şerlər, qəzəllər müəllifiyəm!” Bu dəfə başında yaylığı yox idi. Mən ayaq üstə bir küncə söykənib qəzet oxuyurdum. Birdən o, yanıma çatanda iki əlimdən də tutdu. Heç nə başa düşmədiyimə görə müqavimət göstərmədim. Və qəfil əlimin birini qaldırıb öpdü: “Sənin qəzet tutan əllərini öpürəm!” Onun bu jestini başa düşüb əlimi çəkənə qədər o, artıq mənim əlimi öpmüşdü.

Düzü, özümü çox narahat hiss elədim. Özüm üçün qəzet oxuduğuma görə belə bir maraqlı insan nə üçün mənim əlimi öpməlidir? Ümumiyyətlə, mən heç vaxt əl öpməyin tərəfdarı olmamışam. 1993-cü ildə Antalya şəhərində məşhur Alparslan Türkeşin təşəbbüsü ilə Dünya Türklərinin I qurultayı oldu. Mən də o qurultayın iştirakçısı idim. Yadımdadır, qurultay gedən böyük bir salonda Türkeş oturmuşdu, hamı yaxınlaşıb onunla görüşür və əlini öpürdü. Əl öpməyi qəbul etmədiyimə görə gedib dünyalarca sevdiyim Türkeşlə görüşmədim və bu tarixi adama uzaqdan tamaşa elədim.

Çaş-baş halda yalnız “A kişi, sən neynirsən?” deyə bildim. Bəşir isə sözlərimə məhəl qoymadan, məğrur halda vaqonun çıxışına tərəf getdi. Üzü qapıya tərəf durmuşdu ki, qatar stansiyada dayanan kimi düşüb başqa vaqona keçsin...

Murad Köhnəqala
Azvision.az üçün

Teqlər: