Biləsuvarda qoyun oğrusu tutuldu

  26 Yanvar 2019    Oxunub : 1224
Biləsuvarda qoyun oğrusu tutuldu
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə təsərrüfatlardan qoyun oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə Biləsuvar rayon sakini C.Məmmədov DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək 17 yanvar 2019-cu il tarixində ona məxsus fermadan ümumi dəyəri 1100 manat olan 8 baş qoyunun oğurlanması ilə bağlı məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxsin Biləsuvar rayon sakini Asəf Əliyev olduğu müəyyən edilib və o saxlanılıb.

Aparılan araşdırmalarla onun digər bir oğurluq əməlinin də üstü açılıb. Belə ki, A.Əliyevin cari ilin 14 yanvar tarixində rayon sakini V. Qılıncova məxsus həyətdən ümumi dəyəri 450 manat olan 3 baş qoyunu oğurladığı da müəyyən edilib. Saxlanılan şəxs hər iki faktı törətdiyini etiraf edib və oğurladığı qoyunları İmişli rayonu ərazisində satdığını bildirib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq