Qadınlarımızın vəsfi-halı - Murad Köhnəqala yazır

   Qadınlarımızın vəsfi-halı -    Murad Köhnəqala yazır
  31 Yanvar 2019    Oxunub:4904
Keçən səfər “Facebook”-da belə bir status yazmışdım: “Azərbaycan qadınının ərə getməkdən başqa çıxış yolu yoxdur!” İstifadəçilər statusa müxtəlif rəylər bildirmişdilər. Biri yazmışdı, əsl Azərbaycan qadını belə olmalıdır, abır-həya ilə özünə həyat yolu seçməli, ərə getməli, dünyaya çoxlu uşaq gətirməlidir. Biri yazmışdı, yazıq azərbaycanlı xanım neyləsin, onları kişilər rahat buraxmır, ona görə mütləq birinə sığınmalıdır. Başqa biri yazmışdı, sən ey, status sahibi, yığışdır bu söhbəti, camaatı pozğunluğa səsləmə! Bir xanım da yazmışdı ki, doğrudan, bizim ərə getməkdən başqa çıxış yolumuz yoxdur.
Həqiqətən, bir azərbaycanlı xanım ərə getmək istəməsə, məsələn, kiminləsə vətəndaş nigahında yaşasa, getdikcə aqressivləşən cəmiyyətimiz ona necə baxar? Düzdü, müəyyən səbəblər üzündən ailə qura bilməyən, evdə qarıyan xanımlarımız da az deyil. Ancaq bizim cəmiyyət evdə qalıb qarıyan qadınlara heç vaxt pis baxmır, hətta onlara xüsusi hörmət də bəsləyir. Həm də kişilər evdə qarımış xanımlara çox az hallarda hücum eləyirlər. Ancaq ərdən boşanıb tənha yaşayan qadının vay halına! Telefonu susmayacaq, gecə taqqıltılarından qapısı dincəlməyəcək, küçədə sataşanları gündən-günə artıb çoxalacaq.

Tənha qadının işə düzəlmək məsələsi lap məşəqqətli olur. Hansı idarəyə üz tutacaqsa, müdir onu eninə-uzununa süzüb, özünə məşuqə eləmək arzusunda bulanacaq. Nə başınızı ağrıdım, o yazıq qadın vəhşiləşmiş cəmiyyətin qorxusundan tezcə qaçıb istəmədiyi bir kişinin qucağına sığınmayana qədər ona hər yeri cəhənnəmə döndərəcəklər. Ondan tədricən əl çəkənə qədər sığındığı kişiyə də sataşacaqlar. “Ayə, sən danışma, dul alandan kişi çıxmaz!” “Onun-bunun artığını alıb, özünü kişi sayırsan?” “Sən nə kişisən, əə?!”

Ərə gedən o qadına da göz verib, işıq verməyəcəklər. Hər yanda pıç-pıçı başlayacaq. Yazıq qadın cəmiyyət içinə çıxa bilməyəcək. Çıxa bildiyi yerlərdə də dili gödək olacaq. Məcburən bir neçə uşaq doğaraq ətrafa başa salmağa çalışacaq ki, ərə getdiyi kişi ilə münasibəti ciddidi, yəni, artıq ortada uşaq var. Ondan sonra qaxılıb evdə uşaq saxlamaq, ərinin kirli corablarını yumaqla məşğul olacaq. Neyləsin? Qulağıdinc yaşamağın yeganə yolu budu. Yoxsa cəmiyyət onu əsəbləşdirib ruhi əsəb dispanserinə göndərməmiş, yaxud sataşa-sataşa ərinin əlini qana bulaşdırmamış əl çəkmir.

Ona görə, bizim qadınlar ömrü sevgi ilə yaşamaq üçün yox, cəmiyyətin basqısından qaçmaq üçün ərə gedirlər. Kişilərin xoşuna gələn qadını sevməyə külli-ixtiyarı var, lakin bir qadının kimisə sevməyi çox pis qarşılanır. Qadının belə şeylərə ixtiyarı yoxdur. Öz ürəyini kişidən qabaq açan xanıma pozğun, üzü üzlər görmüş yüngül əxlaqlı kimi baxırlar. Sevən qəlbə sahib olan belə qadınları, adətən, ürək açdığı kişilər aldadıb, “mən də səni sevirəm” deyə, acımadan yoldan çıxarmağa həvəslənirlər. Ona görə qadınlar özlərini hissiyyatsızın birinə “yem etməmək” üçün sevdikləri adamın adını belə dillərinə gətirməkdən qorxurlar. Öz içinə çəkilib sevgi əzablarını gizlincə yaşayan bu qadınların gözü qarşısında sevdiyi oğlanlar başqasıyla evlənir. Sevdiyinin başqasıyla yaşadığını görən xanım həyatdan küsüb özünə qapanır. Sonradan onları valideynləri kimə ərə verəcəyinin fərqinə də varmırlar.

Bir dostum danışırdı ki, bir dəfə Milli Akademiyanın binası tərəfdə bir oğlanın yanındakı qızla aqressiv davrandığını gördüm. O, qızı divara dirəyib kobud sözlərlə təhqir eləyirdi. Mən yaxınlaşana qədər göz yaşı tökən qıza bir şillə də vurdu. Hirslənib oğlanın üstünə təpindim: “Cavan oğlan, bu nə nadanlıqdı, utanmırsanmı?” Bu zaman yanındakı qız özünü irəli verib mənə belə dedi: “Kişi, çıx get, öz yolunla, bu, bizim öz işimizdi!”

Bəli, indidən divar küncündə döyülsə də, həmin xanım o oğlana ərə getmək istəyir.

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər: Qadın  





Xəbər lenti